Mahirə Əsədova müraciətində uzun illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 27 ildə əldə etdiyi vəsaitləri 2019-cu ildə “Sonar Farm” dərman şirkətinin yaradılması və inkişafına yatırdığını bildirib. O qeyd edib ki, dövlət rəhbərliyinin sahibkarlığa verdiyi dəstəkdən və təminatdan ilhamlanaraq müxtəlif xeyriyyə aksiyaları keçirib. 1,8 milyon manatlıq dərman vasitələrini dövlətə ianə edib, həmçinin Ağdamın 5 kəndində artesian quyuları qazdıraraq 1000-ə yaxın evin su ilə təminatına dəstək olub.
Sahibkar bildirib ki, bir müddət əvvəl Robert Əyyubov müxtəlif qeyri-qanuni yollarla onun şirkətini əlindən alıb. M.Əsədova məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsində və Bakı Şəhər Prokurorluğunda araşdırmaların davam etdirildiyini, şirkətlə bağlı yaranmış vəziyyətin tam, obyektiv və qanun çərçivəsində araşdırılmasına ehtiyacın olduğunu vurğulayıb.
Sahibkar bildirib ki, şirkəti qurarkən iş adamı Elnur İsgəndərovla şərikli şəkildə işə başlayıb. Həmin vaxt onların birgə qərarı ilə şirkət Elnur İsgəndərovun xalası oğlu Saqil Hacıyevin rəsmçiləşdirilib:
“2025-ci ildə Elnur İsgəndərov ciddi bir əsas olmadan həbs edildi. Bundan sonra vəkil Əziz Qənbərli onun rəsmi şəkildə müdafiəçisi olmamasına, bu işə aidiyyətinin olmamasına baxmayaraq öz statusundan və əlaqələrindən istifadə edərək cəzaçəkmə müəssisəsində onunla görüşüb hədə-qorxu gəlməklə şirkətin Robert Əyyubovun adına rəsmiləşdirilməsini istəyiblər. İlk öncə onlar şirkətə aid olan 1 milyon 200 min vəsaitin guya hansısa hüquq-mühafizə orqanına hansısa işin həll edilməsinə görə şirkətimizin kassasından çıxarıblar. Bundan sonra onlar Elnura hədə-qorxu gələrək tələb ediblər ki, şirkət Robertin adına keçirilməlidir. Elnur İsgəndərov ilk olaraq bununla razılaşmayıb. Lakin sonrada olan şantajlar və cəzaçəkmə müəssisəsindəki bəzi dustaqların da təzyiqi ilə psixoloji təzyiq altında bununla razılaşıb. O, Yaşar adlı şəxsdən xalası oğlu Saqilə xəbər göndərərək şərikli qurduğumuz şirkətin Robert Əyyubovun adına rəsmiləşdirilməsinə sənədlə razılıq verməsini istəyib və 300 min manatlıq müqavilə ilə şirkət addan-ada keçirilib”.
İş adamının iddiasına görə, bazar dəyəri təxminən 20-21 milyon manat olan şirkətin 300 min manat məbləğində alqı-satqı predmetinə çevrilməsi ilə bağlı ciddi suallar yaranıb. O, şirkətdəki payının və mülkiyyət hüquqlarının pozulduğunu, prosesdən xəbərsiz saxlanıldığını bildirir.
Məsələ ilə bağlı daha əvvəl yayılan məlumatlarda da “Sonar Farm”ın pay sahiblərinin iradəsindən kənar və təzyiq yolu ilə başqa şəxsin adına keçirildiyi barədə iddialar səsləndirilib. Bu iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edildiyi və müxtəlif materialların təqdim olunduğu barədə məlumatlar yayılıb.
Mahirə Əsədovanın sözlərinə görə, məsələ ilə bağlı bir ildən artıq müddətdə müxtəlif dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlər edilib. Sahibkarın bildirdiyinə görə, müəyyən araşdırmalar aparılsa da, problemin onun gözləntisinə uyğun şəkildə tam həll olunmadığını düşündüyü üçün məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmaq qərarına gəlib.
O, müraciətində aidiyyəti dövlət qurumlarından məsələnin hərtərəfli araşdırılmasını, təqdim olunan sübut və sənədlərə hüquqi qiymət verilməsini və qanun pozuntusu müəyyən edilərsə, müvafiq tədbirlərin görülməsini xahiş edib.
Mahirə Əsədova həmçinin vurğulayıb ki, müraciətinin məqsədi məsələnin ictimailəşdirilməsindən daha çox, qanuni və obyektiv həllin təmin olunmasıdır.
Qeyd edək ki, “Sonar Farm” ətrafında səsləndirilən iddialarla bağlı müxtəlif vaxtlarda media materialları dərc olunub. Həmin materiallarda qarşı tərəfin mövqeyinə ehtiyac olduğu da qeyd edilib. İddiaların hüquqi baxımdan yekun qiyməti isə yalnız səlahiyyətli dövlət orqanlarının araşdırması və məhkəmə qərarları əsasında müəyyənləşdirilə bilər.
Mahirə Əsədova Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan məsələyə diqqət göstərilməsini və aidiyyəti qurumların araşdırmasının təmin olunmasını xahiş edib.
