Dövlət Qulluğu Məcəlləsinin layihəsi: 6 qanun ləğv edilir

 Dövlət Qulluğu Məcəlləsinin layihəsi: 6 qanun ləğv edilir

Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb.

Asayis.az xəbər verir ki, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dövlət Qulluğu Məcəlləsinin layihəsi 15 fəsil, 94 maddədən ibarətdir. Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə mindiyi gündən 6 qanun ləğv ediləcək. Həmin qanunlar aşağıdakılardır:

- "Dövlət qulluğu haqqında" qanun;

- "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanun;

- "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanun;

- "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" qanun

- "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" qanun;

- "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun.

Azərbaycan Respublikasının digər normativ hüquqi aktları Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq ediləcək.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış "Dövlət qulluğu sertifikatı"na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malik olacaqlar.

Bu Məcəllə dövlət orqanlarında qulluqkeçmənin ümumi qaydalarını və şərtlərini, mülki növ dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı münasibətləri tənzimləyəcək. Xüsusi növ dövlət qulluğunda qulluqkeçmə (xidmətkeçmə) bu Məcəllənin Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğu vəzifəsinə təyin edilmək hüququna, dövlət qulluğu vəzifəsinə təyinatın müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin dövlət qulluqçusunun şəxsu işi nəzərə alınmaqla, Azərbaycan Respublikasının digər qanunları ilə tənzimlənəcək.

Bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Milli Məclisinideputatlarına, Baş nazirə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katiblərinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Ali Attestasiya Komissiyasının sədrinə və sədr müavininə, Azərbaycan Respublikası Media və Yayım Şurasının sədrinə və digər üzvlərinə, yerli icra hakimiyyəti başçılarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbərinə, habelə hərbi qulluqçulara şamil olunmur.

Bu Məcəllə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.

11:12 - 25 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin