Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində həyatını itirib.
Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, hadisə avqustun 29-da Ağdaş rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı 1995-ci il təvəllüdlü Kərimli Bədəl Məzahir oğlunu vurub və o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Vətən müharibəsi iştirakçısı olan Bədəl Kərimli "Xocavəndin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib. Mərhum evin tək övladı idi.
“Azərbaycan Dəmir Yolları” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, avqustun 29-u saat 19:30 radələrində Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının yoluna Ləki stansiyası yaxınlığında qəfil insan çıxıb:
"Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən şəxs həyatını itirib. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - deyə məlumatda qeyd edilib.
