Cəbrayılın rayonunun Soltanlı kəndində tikinti işləri sürətlə davam etdirilir. Kəndə ilk sakinlərin bu ilin sonunadək köçürülməsi planlaşdırılır.
Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov Soltanlı kəndinə təşkil olunan media turu zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, kəndin layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın KESZ Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
N.Cəfərov bildirib ki, Soltanlı kəndinin ümumi ərazisi 108 hektardır. Hazırda burada 420 fərdi yaşayış evi, inzibati bina, çoxfunksiyalı bina, 140 yerlik uşaq bağçası və Bayraq Meydanı inşa edilir.
İcraçı direktor qeyd edib ki, tikintisi aparılan 420 fərdi yaşayış evindən 336-da qaba tikinti işləri artıq başa çatdırılıb, digər evlərdə isə işlər sürətlə davam etdirilir. Kənddə inşa olunan evlər 2, 3, 4 və 5 otaqlı olmaqla müxtəlif layihələr üzrə tikilir. Hər bir evin həyətyanı sahəsində köməkçi tikililərin inşası da nəzərdə tutulub.
N.Cəfərov əlavə edib ki, kənd ərazisində yağış və sel sularının təhlükəsiz şəkildə kənarlaşdırılması məqsədilə mühəndis-kommunikasiya infrastrukturu da qurulur.
Qeyd edək ki, Horovlu və Şükürbəyli kəndlərindən sonra Soltanlı Cəbrayıl rayonunda sakinlərin qayıdışına hazırlanan üçüncü yaşayış məntəqəsidir. Aprel döyüşlərindən sonra bərpa edilən Cocuq Mərcanlı kəndi də nəzərə alınmaqla, Soltanlı Cəbrayılda yenidən qurularaq əhalinin qayıdışına hazırlanan dördüncü kənddir. Kəndin təməli 2023-cü il noyabrın 24-də qoyulub.
