Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə ölkə ərazisindəki bütün su hövzələrində balıq və digər su bioresurslarının ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib. Bəs, qadağaya əməl etməyənlərə qarşı hansı tədbirlər görüləcək?
Asayis.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov Azərtac-a açıqlamasında bildirib ki, qadağa dövründə bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində qanunamüvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Onun sözlərinə görə, bu məqsədlə balıqçılar arasında profilaktik tədbirlər aparılır və müvafiq söhbətlər edilir:
“Mart və aprel aylarında Balıqçılıq və Akvakultura Mərkəzinin, eyni zamanda, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi xidmətinin əməkdaşlarının iştirakı ilə daha çox balıqçılar olan ərazilərdə söhbətlər aparılıb, profilaktik tədbirlər görülüb. Mingəçevir və Şəmkir su anbarlarının yaxınlığında, Xəzərin sahilini əhatə edən Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Qaradağ rayonu ərazisində, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbinin yaxınlığındakı ərazilərdə balıqçılarla görüşlər keçirilib. Həmçinin Neftçala, Lənkəran və Astarada da mütəmadi görüşlər təşkil olunub. Görüşlərin məqsədi qadağa müddətində balıqçıları qanunsuz balıq ovuna çıxmamaları barədə məlumatlandırmaqdır. Bu tədbirlərin davamı olaraq respublika, ölkə ərazisində ümumilikdə bütün su anbarlarında, eyni zamanda, Xəzərsahili ərazilərdə qeyd olunan qurumlarla birgə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bir daha balıqçılara bildiririk ki, qanunsuz balıq ovundan çəkinsinlər, qadağa müddətində balıq ovu ilə məşğul olmasınlar. Əks halda bu fəaliyyətlə məşğul olan vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.
