30 illik baş həkimin xəstəxanasında reagent yoxdur

 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur

Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasında B12 vitamini, maqnezium və dəmir kimi əsas laborator analizlərin aparılması üçün lazım olan reagentlər yoxdur və pasiyentlər özəl xəstəxanalara yönləndirilir.

Bu barədə Asayis.az-ı məlumatlandıran valideyn bildirib ki, 28 aprel 2026-cı il tarixdə xəstəxanaya müraciət edib və reagentlər olmadığı üçün laborator analizlərin keçirilməsinin mümkünsüzlüyü cavabını alıb. Xəstəxanadan həmin reagentlərin niyə olmaması və nə vaxt olacağı ilə bağlı məlumatlarının olmadığı bildirilib.

Məsələ ilə bağlı TƏBİB-ə ötən gün göndərdiyimiz sorğuya cavabda isə qeyd edilib ki, problem “həftəsonu ilə” bağlı olub və artıq aradan qaldırılıb:

“Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında laborator xidmətlərin fasiləsiz və keyfiyyətli təşkili təmin edilir, zəruri laborator reagentlər mövcuddur və analizlər müvafiq qaydalar çərçivəsində həyata keçirilir.

Bildiririk ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlər çərçivəsində pasiyentlər özəl tibb müəssisələrinə göndərilmir. Laborator müayinələr tibbi göstərişlər əsasında və qüvvədə olan standartlara uyğun şəkildə aparılır.

Eyni zamanda qeyd edirik ki, həftəsonu bəzi analizlər üzrə reagent təminatında qısamüddətli çətinlik yaranıb, hazırda məsələ tam şəkildə həll edilib və xidmətlərin göstərilməsi bərpa olunub”.

Maraqlıdır ki, TƏBİB reagent çatışmazlığının ötən həftə baş verdiyini və artıq aradan qaldırıldığını bildirir. Yəqin ki, xəstəxanadan TƏBİB-ə bu informasiya verilib. Halbuki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında TƏBİB-in “artıq aradan qaldırılıb” dediyi gün reagent olmadığı və nə vaxt olacağının bilinmədiyi pasiyentlərin diqqətinə çatdırılıb.

Xatırladaq ki, dövlət xəstəxanasında olmasa da, istənilən özəl xəstəxanada bu reagentlər var və analizlər vermək mümkündür.

Qeyd edək ki, TƏBİB-in yeni rəhbəri Anar Bayramov xəstəxanalar və tibb mərkəzlərində ciddi kadr islahatlarına başlayıb. Buna səbəb dövlət xəstəxanalarına müraciət edən şəxslərin hansısa formada özəl xəstəxanalara yönləndirilməsidir.

Ancaq islahat hələ sözügedən xəstəxanaya çatmayıb. Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasının baş həkimi Azər Xudiyev 1996-cı ildən, 30 ildir bu vəzifədədir.

13:54 - 29 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin