Krım körpüsü qırılma nöqtəsidir, Rusiya-Ukrayna müharibəsi yeni frazaya keçir

 Krım körpüsü qırılma nöqtəsidir, Rusiya-Ukrayna müharibəsi yeni frazaya keçir

Rusiyanın Ukraynaya müdaxiləsinin başladığı 24 fevraldan etibarən Moskva-Vaşinqton arasında müharibənin gedişatı ilə bağlı bəzi “qırmızı xətlər”in pərdəarxası razılaşıldığı görünürdü. Məsələn, administrativ binaların vurulmaması, Rusiya ərazisinin hədəf alınmaması, Ukraynaya müəyyən silahların ötürülməməsi, nüvə silahından istifadə olunmaması və s. Bütün bunlar müharibənin miqyasının Ukrayna çərçivəsindən çıxıb Rusiya-NATO arasında birbaşa toqquşmaya yəni, “böyük müharibə”yə çevrilməsini önləmək məqsədi daşıyırdı. 

Son iki ayda isə bu razılaşmanın artıq işləmədiyi görünür. Avqustun ortalarında müharibənin əvvəlindən bəri hədəf alınmayan Krımdakı rus aerodromunun Ukrayna tərəfindən vurulması bunun ilk işarələrindən idi. Sentyabrın sonlarında 4 əyalətin ilhaqı barədə çıxışında Putinin Ukraynanı arxaplana atıb, ABŞ-a total müharibə elan etməsi tərəflərin “qırmızı xətlər” diplomatiyasını tərk etdiyini göstərirdi. 

Putinin 70 illik yubileyində Rusiya üçün həm strateji, həm də psixoloji əhəmiyyət kəsb edən Krım körpüsünün partladılması Qərbin Rusiyanı daha açıq oynamağa “dəvəti”dir. Sanki Vaşinqton Moskvanın qismi səfərbərlik elan edərək və nüvə silahı təhdidini dilə gətirərək “müharibənin miqyasını daha da böyüdürəm” təhdidinə qarşı “nə bacarırsan, göstər, biz də sənin istənilən strateji infrastrukturunu hədəf ala bilərik” demək istəyir. Belə bir psixoloji təhrik qarşısında, Rusiyanın Ukrayna “bataqlığı”nda daha dərinə getməkdən başqa seçimi görünmür. “Müharibəni istədiyin vaxt başlada bilərsən, amma istədiyin vaxt sonlandırmaq olmur” məsəli Rusiyanın Ukraynada üzləşdiyi hazırkı vəziyyəti çox yaxşı təsvir edir. 

Tərəflərin bir-birinin qırmızı xətlərini çiynəməyə başlamasından sonra üfüqdə “böyük müharibə” görünür. 

20:17 - 8 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin