“Shani Travel” turizm şirkətindən tur paketi sifariş etmişəm. Ödəniş etsəm də, hələ də xidmət ala bilməmişəm. Üstəlik, pulumu da qaytarmırlar.
Bu barədə Asayis.az-a daxil olan şikayət məktubunda qeyd olunub.
Şikayətçinin sözlərinə görə, 2025-ci ilin noyabrın 30-u üçün Misirə həm otel, həm də aviabilet paketi alıb və bunun üçün oktyabrın 21-də 4 nəfərlik tur paketinə 4265 manat ödəniş edib:
“Lakin səyahətdən bir gün əvvəl məlum oldu ki, şirkət nə otel bron edib, nə də bilet alıb. Şirkətin Şahmir adlı rəhbəri mənə müxtəlif bəhanələr gətirdi və ödənişi tezliklə geri qaytaracağını dedi. Buna görə məndən 2 gün vaxt istəmişdi, amma aylar keçməsinə baxmayaraq, ödəniş hələ də qaytarılmayıb. Bizdən başqa xeyli sayda aldadılan müştəri var. Məsələ ilə bağlı Xətai rayon 36-cı Polis Bölməsinə müraciət etmişik, amma indiyə qədər heç bir tədbir görülməyib”.
Şikayətçi bildirib ki, şirkət bağlandığını elan etsə də, indi yenidən fəaliyyətini davam etdirməyə başlayıb:
“Bu insanlar hələ də ölkədə rahat işləyə, insanları aldatmağa davam edə bilirlər”.
Məsələ ilə bağlı “Shani Travel” şirkəti ilə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab verilməyib.
