Teleqraf Media Qrupunun rəhbəri, sabiq millət vəkili, əməkdar jurnalist Aynur Camalqızı (Quliyeva) böhtan və təhqirlərə görə Əli Vəliyev adlı şəxsi məhkəməyə verib.
Asayis.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib.
Aynur Camalqızı Əli Vəliyevin bir neçə dəfə ardıcıl olaraq sosial şəbəkədə ictimai şəkildə ona böhtan ataraq, şərəf və ləyaqətini alçaltması səbəbindən xüsusi ittiham qaldırıb və cavabdehin CM-in 147.1 və 148-ci maddələrlə nəzərdə tutulan cinayət əməlini törətdiyini bildirib.
Ərizədə bildirilib ki, 27.01.2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparat rəhbəri Ülvi Hüseynlinin vəzifədən azad olunması ilə bağlı jurnalist Heydər Oğuz öz sosial şəbəkə hesabında məlumat paylaşıb. “Telеqraf” agentliyinin əməkdaşı isə buna əsaslanaraq məlumatı tirajlayıb. Bundan sonra Vəliyev Əli Cahangir oğlu nəyə görəsə bu xəbərin məhz "onun istehsalı" olduğunu iddia edərək, 27.01.2026-cı il tarixdə özünün 5,4 min şəxs tərəfindən izlənilən Feysbuk səhifəsində A.Camalqızının ünvanına böhtanlar yağdırıb, onu "xəbər oğrusu" adlandırıb, ardınca isə əxlaqdankənar ifadələrlə təhqir edib. O, bu təhqirlərlə kifayətlənməyib, şərhlərdə də böhtan və ağır ifadələrini davam etdirib.
İddiaçı daha sonra 09.02.2026-cı il tarixdə mediada Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı Fəzail Ağamalının vəfat etməsi barədə xəbəri “Telеqraf” agentliyinin mərhumun öz övladına istinadla yaymasına baxmayaraq, Əli Vəliyevin bu xəbəri də özününkü sayaraq, sosial şəbəkə hesabında yenə də əxlaqdankənar ifadələr və ağır təhqirlər yazdığını ərizəsində göstərib.
Bu halın vaxtaşırı olaraq təkrarlanmasına görə şikayətçi cavabdehin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.
Qeyd edək ki, hazırlıq iclasında Əli Vəliyev o paylaşımlar və təhqirləri Aynur Camalqızına ünvanlamadığı və onu nəzərdə tutmadığını iddia edib. Lakin faktlar və skrinlər elan olunandan sonra susmağa üstünlük verib.
İddia xüsusi ittiham qaydasında olduğu üçün hakim iddiaçının şəxsən iştirakının zəruriliyini bildirib.
Hazırlıq iclası 18 martda davam etdiriləcək.
