5 uşaq atası başqa qadınla münasibət qurdu, arvadını döydü

 5 uşaq atası başqa qadınla münasibət qurdu, arvadını döydü

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Aşur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fərqanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 5 sentyabr 2024-cü ildə baş verib. Aşur həmin gün saat 10:30-da ailə üzvləri ilə birlikdə yaşadığı evdə ona mobil telefonla başqa qadın cinsli şəxslə ünsiyyət saxlaması ilə bağlı şifahi irad bildirən arvadı Fərqanə ilə qısqanclıq zəminində mübahisə edib. 

Aralarında yaranmış narazılıqla əlaqədar mübahisə etdikdə, həmin mübahisə əsnasında Fərqanənin üzərinə hücum edib, əl, yumruq, təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Aşurun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aşur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fərqanə ilə 2007-ci ildə ailə həyatı qurub və birgə nigahdan beş azyaşlı övladı var: “Biz birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayırıq. Sentyabrın 5-də, saat 10:30-da yaşadığım evdə olan zaman mobil telefonuma tanımadığım bir qadın zəng etdi. Bu zaman arvadım həmin qadının kim olduğunu soruşdu. Mən həmin qadını tanımadığım cavabını versəm də, lakin arvadım mənə inanmadığı üçün aramızda qısqanclıq zəminində mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək Fərqanənin sifət, qol və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim”. 

İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, sentyabrın 5-də, saat 10:30-da yaşadığı evdə olan zaman Aşurun mobil telefonuna tanımadığı qadından zəng gəlib və o kənara çəkilərək həmin şəxslə danışmağa başlayıb: “Aşurdan həmin qadının kim olduğunu soruşdum. Aşur mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı ərim sözlərimdən əsəbiləşərək məni döydü. Mən də  Mehdiabad Polis Bölməsinə gələrək, ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Aşurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

14:26 - 14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin