Goranboyda qəbristanlıqda silahlı insident — TƏFƏRRÜAT

 Goranboyda qəbristanlıqda silahlı insident — TƏFƏRRÜAT
 

Goranboyda qəbristanlıqda silahlı insident — TƏFƏRRÜAT

KRİMİNAL 06 noyabr 2024, 12:40

  •  
  •  
  •  
  •  

Goranboy rayonunda 1982-ci il təvəllüdlü Qədir Şirinzadə atasının qəbir daşının düzəldilməməsini əsas gətirib və xuliqanlıq hərəkətləri edib. 

Asayis.az
-ın əldə etdiyi məlumata görə, Qədir 1 aprel 2023-cü ildə, saat 15 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşən qəbiristanlığa gəlib. 

O, əvvəlcədən sifariş verdiyi mərhum atasının məzar daşının pulunu tam şəkildə ödəmədiyi üçün hazır olmamasına narazılığını bildirib, heç bir əsaslı səbəb olmadan ictimai aşayişi pozub. 

Qədir məzar daşı düzəldilən sexin müdirinin ünvanına ucadan nalayiq ifadələr işlədib, ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılığına səbəb olub. Həmçinin özü ilə gətirdiyi özünə məxsus  “Vinçestr” tipli ov silahından əvvəlcə havaya bir dəfə, daha sonra isə məzar daşı hazırlanan sexin qarşısında dayanmış, həmin sexdə usta işləyən zərərçəkmiş Vasif Fərhadlıya məxsus “Mercedes Benz E240” minik markalı avtomobilə iki dəfə atəş açaraq avtomobili zədələyib. Zərərçəkmiş şəxsə 1605 manat məbləğində maddi ziyan vurub. 
Hadisəni törədən Qədirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, 25 fevral 2023-cü ildə atası ölüb: 

“Atamı Rəhimli kənd qəbiristanlığında dəfn etdik. Aprelin 6-da qırx mərasimi keçirilməsi nəzərdə tutulub. Atamın qəbir daşını Rəhimli qəbiristanlığında qəbir daşı düzələn sexin müdiri Nizaməddinə sifariş etdim. Qəbir daşını 850 manat pul müqabilində düzəltməsi üçün Nizaməddin ilə razılaşdım Lakin aprelin 6-da atamın qırx mərasiminin olacağına baxmayaraq, Nizaməddin qəbir daşını hazır etməyib. Dəfələrlə onu xəbərdarlıq etsəm də, məni  aldadıb, qəbir daşını düzəltməyib”. 

Qədir qeyd edib ki, aprelin 1-də, günorta saatlarında fərdi yaşayış evində olan zaman araq içib: 

“Nizaməddinə nə qədər zəng etsəm də, Nizaməddin zənglərimə cavab vermədi. Buna görə əsəbləşdim və evdə olan, özümə məxsus, rəsmi sənədləri olan ov silahını götürərək qəbiristanlığa Nizaməddinin sexinə getdim. Evdən əlimdə silah götürərək çıxmağımı qonşum Nicat gördü və mənə mane olmaq üçün arxamca gələrək sexə getdi. Orada bir neçə nəfər adlarını bilmədiyim ustalar olub. Onlardan Nizaməddinin harada olduğunu soruşdum və Nizaməddinin orada olmadığını dedilər. Həmin vaxt ustalardan birinin qara rəngli “Mercedes” markalı avtomobildə yatdığını gördüm. Əlim ilə avtomobilin sol qapısının şüşəsini döyərək “niyə yatırsız, gedin baş daşını yerinə qoyun” dedim və qəbiristanlıqdan çıxaraq getdim. Qəbiristanlıqdan çıxan zaman Nizaməddinə zəng etdim. Lakin yenə Nizaməddin zənginə cavab vermədi”. 

Qədirin ifadəsinə görə, həmçinin, həmin günü rəhmətlik qayınınının doğum günü olduğu üçün onu yad etmək məqsədilə əlində olan ov silahından havaya bir dəfə atəş açıb, sonra evinə gedib: 

“Evdə olan müddətdə dəfələrlə Nizaməddinə zəng etməyimə baxmayaraq, Nizaməddin zənglərimə cavab vermədi. Təxminən 15 dəqiqə sonra yenə ov silahını götürərək qəbiristanlığa getdim. Həmin zaman orada olan ustalardan Nizaməddinin harada olduğunu soruşdum. Ustalar yenə də Nizaməddinin orada olmadığını dedilər. Daha sonra orada olan qara rəngli “Mercedes” markalı avtomobilin Nizaməddinə məxsus olduğunu düşündüm. Əsəbimi soyutmaq üçün iki dəfə həmin avtomobilə atəş açdım. Birinci dəfə avtomobilin sol qabaq və arxa qapılarının birləşən yerinin yuxarı dam hissəsinə, ikinci dəfə isə avtomobilin arxa şüşəsini atəş açaraq sındırdım. Sonra qəbiristanlıqdan evimə getdim”. 

Qədir bildirib ki, Nizaməddinin onun atasının qırx mərasiminə bir neçə gün qalmasına baxmayaraq, qəbir daşını hazır etmədiyinə və zənglərinə cavab vermədiyinə əsəbləşmiş, onu qorxutmaq üçün əlində silahla qəbiristanlığa gedərək atəş açıb: 

“Həmin vaxt orada heç kimə xəsarət yetirməmişəm. Yalnız Vasif adlı şəxsin avtomobilinə ziyan vurmuşam. Həmin ziyanı da ödəmişəm, heç kimi silahla vurmaq niyyətim olmayıb. Silahdan atəş açan zaman orada olan şəxslərin heç birinə qarşı nalayiq ifadə işlətməmişəm, onları təhqir etməmişəm. Nizaməddinin də ünvanına nalayiq ifadələr işlətməmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, Goranboy rayonunun Rəhimli kənd qəbiristanlığında yerləşən qəbir daşı sexində rəssam olduğu üçün qəbir daşlarının üzərinə şəkil çəkir: 

“Təxminən hadisədən əvvəl iki ay olar həmin sexdə işləyirəm. Sexin müdiri Nizaməddin həftədə iki-üç dəfə işə gəlir, özünə aid olan işləri görərək qayıdır. Aprelin 1-də, saat təxminən 12 radələrində özümə məxsus “Mercedes Benz E 240” minik markalı avtomobil ilə işə gəldim. Avtomobili sexin həyətində saxlayaraq işləməyə başladım. Həmin vaxt mənimlə birlikdə sexdə iş yoldaşlarım Xəyyam, Alim və bir nəfər adını bilmədiyim şəxs olub. Xəyyam ilə birlikdə işlədiyim üçün digər iki nəfər Alim və adını bilmədiyim şəxsi yaxından tanımıram. Həmin gün saat 14:30-da əvvəllər tanımadığım, sonradan adını bildiyim Qədir əlində qara rəngli ov silahı ilə sexə gəldi. Bu zaman Qədir yanımda tanımadığım bir nəfər şəxs də olub. 

Eyni zamanda Qədirin sərxoş olması hiss olundu. Qədir mənə yaxınlaşaraq salamlaşdı və məndəm “müdiriniz haradadır” deyə soruşdu. Mən də Qədiri əvvəllər tanımadığım üçün nə məqsədlə gəldiyini bilmədim. Buna görə də, “müdir burada yoxdur, işçilər buradadır” dedim. Həmin vaxt Xəyyam mənə məxsus avtomobilin sağ qabaq oturacağını açaraq avtomobilin içərisində yatmışdı. Alim və adını bilmədiyim digər şəxs isə sexdə yemək yeyirdilər. Qədir Alimgilin yanına doğru hərəkət etdikdə, Xəyyamın avtomobildə yatdığını gördü və əli ilə avtomobilin sağ qabaq qapısının şüşəsini vuraraq Xəyyamı oyatdı. Lakin Xəyyam mənə fikir vermədi. Qədir Alimgilin yanına çatdıqda, “müdirinizə deyin baş daşını yerinə qoysun, niyə indiyənədək qoymayıb” dedi və yanında olan şəxs ilə birlikdə çıxaraq getdi. Qədir qəbiristanlığın giriş qapısından çıxarkən əlində olan ov silahı ilə havaya bir dəfə atəş açdı. Daha sonra getdi. Ov silahından atılan atəş səsinə Xəyyam oyanaraq avtomobildən düşdü”. 

Zərərçəkmiş qeyd edib ki, bundan təxminən 10-15 dəqiqə sonra Qədir yenidən yanında olan şəxslə birlikdə əlində silahla sexə gəlib və ona məxsus avtomobili göstərərək avtomobilin kimə aid olmasını soruşub: 

“Mən də avtomobilin özümə məxsus olduğunu bildirdim. Lakin Qədir mənə qulaq asmadı. Silahı avtomobilimə doğru tuşlayaraq iki dəfə avtomobilə atəş açdı. Qədir birinci dəfə atdığı atəş avtomobilimin sol qabaq və arxa qapılarının birləşdiyi yerin üstünə dam hissəsinə dəydi. İkinci dəfə atdığı atəş avtomobilinin arxa şüşəsindən dəydi. Şüşəni sındırdı. Bundan sonra Qədir yanında olan şəxslə birlikdə çıxaraq getdi”. 

Zərərçəkmiş bildirib ki, Qədir onun avtomobilinin sexin müdiri Nizaməddinə məxsus olduğunu zənn etdiyi üçün avtomobilinə atəş açıb: 

“Daha sonra Nizaməddinin ünvanına nalayiq ifadə işlədərək atasının baş daşının bu gün yerinə qoymağı deməsini bildirdi və çıxaraq getdi. Qədir təxminən 5-10 dəqiqə orada olub. Bu zaman sexin normal iş fəaliyyəti qısa müddətlik pozulub. Lakin Qədir nə mənə, nə də ki, ətrafda olan digər şəxslərə heç bir xəsarət yetirməyib. Bizim heç birimizə qarşı nalayiq ifadə işlətməyib. Həmçinin Qədirin yanında olan şəxs də mənə və ətrafda olan şəxslərə qarşı hər hansı formada zor tətbiq etməyib. Əksinə həmin şəxs Qədiri sakitləşdirməyə çalışıb. Qədir qəbiristanlıqda atəş açan zaman kənar şəxslərin gələrək toplaşmasını və həmin vaxt  əbiristanlıqda ziyarətçilərin olub-olmamasını görməmişəm”.

Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Qədir 2 il 8 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Şikayət araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. 

Qərara görə, şikayət qismən təmin edilib. Qədirin cəzası 1 il 9 ay 17 gün müddətə endirilib. 

13:00 - 6 Noyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin