60 yaşlı kişi ona xəyanət edən arvadını bıçaqladı - TƏFƏRRÜAT

 60 yaşlı kişi ona xəyanət edən arvadını bıçaqladı - TƏFƏRRÜAT

Abşeron rayonunda 1964-cü il təvəllüdlü Elman qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aybənizə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 20 aprel 2024-cü ildə baş verib. Elman həmin gün saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evində arvadı Aybənizin başqa şəxslərlə ünsiyyətdə olmasında günahlandırıb. 

Elman həmin səbəbdən qısqanclıq zəminində aralarında yaranmış ailədaxili narazılıq üstündə mübahisə edib. O, həmin mübahisə əsnasında evlərində istifadə etdikləri  mətbəx bıçağını götürərək həmin bıçaqla Aybənizin  bel və ayaq nahiyələrinə qəsdən zərbələr vurub. 

Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Aybəniz onun arvadıdır, onunla 2002-ci ildə ailə həyatı qurub, rəsmi nikahdan üç övladı var: “Aybəniz təxminən 4-5 ildir mənə xəyanət edir, bir neçə dəfə onu telefonda başqa şəxslə danışanda tutdum”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 20-də, saat 11 radələrində yaşadığı evdə olan zaman Aybənizə nə vaxta qədər belə davam edəcəyini, əxlaqsız hərəkətlərinə son verməsini bildirib: “Aybəniz isə mənə pis söyüşlə cavab verərək yataq otağına getdi. Həmin zaman əlimdə bıçaqla pomidor doğrayarkən Aybənizin mənə söyüşlə cavab verdiyindən əsəbiləşdim. Əlimdəki bıçaqla onu qorxutmaq üçün kürəyindən və sol ayağından bıçaqla vurdum. Lakin bıçağı elə vurdum ki, ucu batsın, Aybəniz bundan qorxsun. Buna görə də Aybəniz ciddi xəsarət almadı. Məqsədim onu öldürmək, yaralamaq deyil, onu qorxutmaq olub”. 

Elman bildirib ki, daha sonra Aybəniz qışqırmağa başlayıb: “Mən də evdən küçəyə çıxıb siqaret çəkdim. Sonradan oğlum Elşən evə gəldi. Hadisə barədə telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdi. Hadisə zamanı mən heç bir xəsarət almamışam. Baş verən münaqişə təxminən 5 dəqiqə müddətində oldu. Həmin vaxt orada bizdən başqa heç kəs olmayıb. Hazırda zərərçəkmişlə barışmışam”.

İş üzrə zərərçəkmiş Aybənizin sözlərinə görə, əvvəllər də əri Elman ilə aralarında qısqanclıq zəminində münaqişələr olub: “Sonuncu dəfə yaşadığımız  evdə olan zaman Elman telefonla çox danışmağıma narazılıq edərək, mənimlə mübahisə etdi. Məni əxlaqsız olmağımda günahlandırdı. Həmin zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı yataq otağına keçdim. Elman isə əlindəki mətbəx bıçağı ilə arxamca gələrək kürək nahiyəmdən və sol ayağımdan bıçaqla vuraraq mənə xəsarət yetirdi. Bu zaman mən qışqırmağa başladım. Elmanın əlindən bıçağı alaraq həyətə atdım. Bundan sonra Elman evdən çıxaraq getdi. Mən əvvəlcə şikayət etmək istəməsəm də, təxminən bir saat sonra oğlum Elşən bu barədə məlumatı olduqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdi. Mən də bununla bağlı Mehdiabad Polis Bölməsinə şikayət ərizəsi yazdım. Baş vermiş hadisə zamanı evdə heç kəs olmayıb. Elmanla barışmışam, ona qarşı şikayətim yoxdur”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.  Demokrat.az

13:56 - 14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin