“Təxminən 1 il əvvəl, 6 fevralda baş verən zəlzələ nəticəsində həyatını itirən 53 mindən çox vətəndaşımızın hər birinə Allahdan rəhmət diləyirəm”.
“Asayis.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib:
“Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.
Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirib.
Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər fevralın 6-da Türkiyəyə yola salınıb və orada fəaliyyət göstərib.
Bundan əlavə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti Türkiyədə olub.
Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfər hərbi həkim, 8 nəfər tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkədə zəlzələdən zərər görənlərə kömək edib.