Azərbaycan və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında mütəmadi görüşlər genişlənir.
Bunu “Report”un Ankara bürosuna Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar Türkiyədə azərbaycanlı ordu generallarının yüksək səviyyədə qəbulu məsələsini şərh edərkən bildirib.
G.Alpar deyib ki, hər iki ölkənin Silahlı Qüvvələri arasında münasibətlərin yaxşılaşması bir həqiqətdir:
“İki qardaş ölkənin inkişaf etdirdiyi qarşılıqlı hərbi anlaşma sayəsində hər cür əməliyyat zamanı birlikdə hərəkət edən, eyni mentalitetə, eyni təlim infrastrukturuna və oxşar silah sistemlərinə malik güclü bir struktur yaradılıb.
Azərbaycan Ordusu Türkiyə Ordusu ilə birgə hərəkət edərək regionun ən güclü ordusuna çevrilib. Son zamanlar Azərbaycan sürətli və effektiv ordu üçün tələb edilən struktur dəyişikliklərini uğurla həyata keçirib. Hər iki ölkənin ordusu bir-birindən çox şey öyrənib və öyrənməyə davam edir.
Bu kontekstdə ölkələrimizin general və zabitlərindən başlayaraq bütün səviyyələrdə görüşlərin, təlimlərin keçirilməsi çox yaxşı haldır. Yeri gəlmişkən, mən də keçən ay bir hərbçi olaraq Azərbaycana səfər etmişəm”.
Generalın fikrincə, Azərbaycanla Türkiyə arasında siyasi, hərbi və strateji əməkdaşlığın regiondakı sülhə verdiyi töhfə aydın şəkildə özünü büruzə verir.