Azərbaycan lideri Ermənistan qarşısında yeni şərt irəli sürüb

 Azərbaycan lideri Ermənistan qarşısında yeni şərt irəli sürüb

Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Asayis.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.

Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.

Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

 

17:30 - 1 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin