Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin anım günüdür.
Asayis.az xəbər verir ki, Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il fevralın 12-də Bakıda, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.
1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.
Təbriz Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. O, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüş şücaətinə görə, DİN-nin “Boz qurd” mükafatına layiq görülüb.
Yanvarın 31-i 1992-ci ildə il Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Təbriz Xəlilbəyli Şəhidlər Xiyabanında dəfn edilib. İki övladı olan Xəlilbəyli ailəli idi.
Bakıda küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Təbriz Xəlilbəylinin xatirə lövhəsi vurulub.