Azərbaycan gömrükçülərinin peşə bayramıdır

 Azərbaycan gömrükçülərinin peşə bayramıdır

Yanvarın 30-u Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycanda gömrük xidməti zəngin tarixi yol keçib. Hələ qədim İpək Yolu dövründə ölkəmizdə gömrük sisteminin mövcudluğu elmi sübutlarla təsdiqini tapıb. Çar Rusiyası dönəmində 1807-ci il fevralın 7-də Bakı Gömrük İdarəsi təsis edilib.

Asayis.az  xəbər verir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təşəkkül tapmış yeni strukturlardan biri də gömrük sistemi olub. 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi (DGK) yaradılıb və 31 ildir ki, müstəqil gömrük xidməti ölkəmizin təhlükəsizliyi istiqamətində mühüm rola malikdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ulu Öndərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb.

Son illər Azərbaycan gömrük xidməti nümunəvi qurum kimi formalaşıb. Bəllidir ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Son illərdə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayıb.

Dövlət Gömrük Komitəsinin fəaliyyətində daha bir əlamətdar hadisə “Yaşıl dəhliz” buraxılış sistemidir ki, bu da ölkəmizdə sahibkarlığın inkişafına daha da təkan verib. “Yaşıl dəhliz” buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradıb.

2019-cu ildə sərhədkeçmə prosesinin daha da sürətlənməsi baxımdan uğurlu il olub. Aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə prosesləri asan və sürətli şəkildə həyata keçirilir, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyəti dəfələrlə artırılır. Risklərin idarə edilməsi sisteminin, gömrük auditinin tətbiqi ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması və sərhədkeçmə prosesinin sürətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. İslahatlar dövründə yaradılan Ticarətin Asanlaşdırılması mərkəzləri, ən müasir texniki vasitələr, “1 inspektor - 1 nəqliyyat vasitəsi”, “e-növbə” kimi innovativ layihələr, informasiya texnologiyalarının tətbiqi hesabına sərhədkeçmə proseslərinə sərf olunan müddət üç dəfəyə qədər azaldılıb.

Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri də qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamının icrası istiqamətində ciddi tədbirlər həyata keçirilir. Ölkəyə gətirilən və tranzit olaraq ərazimizdən keçən yük və digər avtomobillər ciddi yoxlanılır. Buna baxmayaraq, gömrük əməkdaşları 2022-ci ildə 1 tona yaxın narkotik vasitənin qanunsuz yollarla ölkəyə daxil olmasının qarşısını alıblar. Gömrük orqanları bu istiqamətdə fəaliyyəti davam etdirirlər.

2022-ci ildə müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb. Bu, nəzərdə tutulan proqnozdan 1 milyard manat artıqdır.

Daha bir yenilik Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakı KOB evi”nin açılışıdır. KOB evi konsepsiyasına uyğun olaraq “Bakı KOB evi”ndə də dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir. “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən xidmətlər, eləcə də digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim edilir. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Dövlət Gömrük Komitəsində “Şəxsi hesab vərəqəsi” yeni elektron xidməti istifadəyə verilib. “Şəxsi hesab vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına imkan verir. Pilot variantda istifadəyə verilən yeni elektron xidmət biznes fəaliyyətinin daha səmərəli və çevik şəkildə təşkili, maliyyə-uçot sisteminin düzgün qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni elektron xidmət xarici ticarət iştirakçılarına rəsmiləşdirmə zamanı avans gömrük ödənişlərindən istənilən gömrük orqanı və gömrük ödənişi üzrə istifadə etməyə, balans məbləğini, gömrük borcunu onlayn rejimdə izləməyə imkan verir. Həmçinin ödənişlər barədə məlumatlar anında gömrük orqanına ötürüldüyündən rəsmiləşdirilməyə sərf olunan müddət azalır. “Şəxsi hesab vərəqəsi”ndə müəyyən tarix intervalı və nömrələr əsasında gömrük bəyannamələri barədə məlumat almaq, gömrük rüsumları, ƏDV, aksiz vergisi, gömrük yığımları üzrə hesabatları da izləmək mümkündür. Bu da biznes fəaliyyətinin düzgün və səmərəli şəkildə qurulması baxımından əhəmiyyətlidir. Məqsəd əməliyyatların rəqəmsal həllər əsasında avtomatlaşdırılması, gömrük-biznes münasibətlərində təmasın minimuma endirilməsi, asan, sürətli və çevik xidmət, maksimum məmnuniyyətdir.

Azərbaycan gömrükçüləri respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasına öz töhfələrini verirlər.

10:00 - 30 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin