“Rusiya nəyə görə 1 kilometrliyimizdə hərbi baza tikir?”

 “Rusiya nəyə görə 1 kilometrliyimizdə hərbi baza tikir?”

"Hazırda dünyaya iki ən böyük təhdid varsa, ikisi də bizim qonşumuzdur. Coğrafiya qədərdir..."

Bugünlərdə Azərbaycana qarşı olan təhdidlərin aradan qalxması üçün mütləq bütün strateji strukturlarda milli kadrların sayını artırmaq lazımdır.

Hazırda sadəcə Azərbaycanın deyil, ümumilikdə dünyanın gələcəyi təhdid altındadır. Rusiya Ukrayna savaşının necə nəticələnəcəyi ciddi suallar doğurur. Ancaq mahiyyət etibarilə Rusiya artıq strateji məğlubdur. Belə ki, təsəvvür edin Rusiya prezidenti Vladimir Putin savaş ərəfəsində cəmiyyətə açıqlamasında bildirirdi ki, "NATO sərhədlərimizə yaxınlaşır və bu "xüsusi əməliyyatı" labüd edir. Ancaq indiki situasiyada biz nəyi müşahidə edirik? Savaşa qədər Putinin nəzərdə tutduğu "təhlükə" 1400 km-ə qədər məsafəni əhatə edirdisə Vladimirin bu addımından sonra İsveç və Finlandiyanın NATO-a üzv olacağı gündəmə gəldi. Bu zaman isə həmin sərhəd nə az nə çox ikiqat artacaq. Bu isə nəticədə Putin Rusiyasının buraxdığı çox böyük strateji səhv idi. Xülasə, dediyim kimi Rusiya çox çətin bir durumdadır. Sabah dünya nüvə savaşına şahidlik edə bilər. Ancaq indiki çətin durumunda belə Rusiya Cənubi Qafqazı, xüsusilə Qarabağı gündəmindən çıxarmır. Təbii ki, sadəcə Qarabağ deyil eyni zamanda Azərbaycanla Ermənistan sərhəddində də belə öz təhdidlərinə ara vermir. Xüsusilə ötən günlərdə erməni mediasında Rusiyanın Tovuzun sadəcə 1 kilometrliyində hərbi baza tikməsi ilə bağlı xəbərlər yaydılar. Daha sonra tikinti ilə bağlı fotolar da yayıldı. Bu zaman hər kəsdə sual yarandı ki, Rusiya niyə bu addımları atır? Axı biz hələ sadəcə 5 ay öncə müttəfiqliklə bağlı sənəd imzalamışıq.

Nəyə görə bizim 1 kilometrliyimizdə hərbi baza tikir? Kimə qarşı, nəyə qarşı? Cavab çox sadədir, Azərbaycana qarşı. Digər sual isə bu idi ki, nəyə görə məhz Tovuz? Bildiyiniz kimi "44 Günlük" savaşa da məhz Tovuz hadisələr təkan verdi. Çünki düşmən nəinki Qarabağı özünün hesab edir, eyni zamanda Azərbaycanın indiki sərhədləri daxilinə də hücum edərək ərazilər işğal etmək istəyirdi. Bu mənada Azərbaycan xalqı küçələrə çıxaraq savaşa "HƏ" dedi. Çox fərqli situasiya yarandı. Dinindən, cinsindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəs Azərbaycan üçün deyib bir yumruq kimi birləşdi. 

O zaman da proseslərin məhz Tovuz istiqamətində olması heç də təsadüfi deyildi. Tovuz olduqca strateji yerdir. Bildiyiniz kimi neft kəmərləri də məhz həmin ərazidən keçərək Avropaya çatdırılır. Bu mənada düşmənin öncəliyi  məhz həmin boru xətlərini sıradan çıxarmaq idi. Bugün də eyni ssenarini müşahidə edirik. Belə ki, Rusiyanın məhz Tovuzun 1 kilometrliyində hərbi baza tikməsi təhdiddən başqa bir şey deyil. Bunun da indiki məqamda xüsusi səbəbləri var və qeyd edim ki, burada təhdid olunan sadəcə Azərbaycan deyil. Hazırda Ukrayna Rusiya savaşı fonunda Rusiyaya qarşı çox ciddi bir cəbhə formalaşıb. Həmin cəbhə ki, artıq rus qazına alternativ axtarışına çıxıb. Regionda isə neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan diqqətləri öz üzərinə çəkib. Hazırda biz "TANAP" vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ötürürüksə bunu ikiqat artırmaq, yəni 20 milyard kubmetrə çatdırmaq imkanımız var. Təbii ki, bizim Rusiya ilə müqayisədə bütün Avropanı qazla təmin edəcək ehtiyatlarımız yoxdur. Ancaq istənilən halda zənnimcə Şərqi Avropanı təmin edə bilərik. Yəni bu proseslərin getdiyi bir zamanda Rusiyanın həmin ərazidə baza tikməsi heç də təsadüfi deyil. Azərbaycan verilən mesajdır. Bir az öncə qeyd etdiyim kimi təhdid edilən sadəcə Azərbaycan deyil, eyni zamanda Qazaxıstandır. Ötən günlərdə Qazaxıstanın "Tengiz" neft yatağında çox güclü partlayış baş verdi. Qazaxıstan da bu proseslərdə diqqət mərkəzində idi. İndi bu prosesləri təsadüfi hesab etmək olarmı? Təbii ki, xeyr. Bu bizim timsalımızda digərlərinə təhdiddir. Türkmənistan Rusiyaya alternativ qazı ötürəcəkmi? Bu da böyük bir müəmmadır. Çünki bundan öncə Türkmən qazının İran üzərindən Azərbaycana, burdan isə Avropaya daşınması gündəmdə idi. İran da razılıq vermişdi. Ancaq bugün bu işin də dayanacağını müşahidə edə bilərik. Belə ki, İran da Rusiya kimi dünya üçün təhdid hesab olunur. Xüsusilə də son günlərdə Qərb mediasında yayılan xəbərə görə İran nüvə silahını əldə etməyə çox yaxındır. Bu isə sadəcə İsrail və Azərbaycan üçün deyil, dünya üçün çox böyük bir təhdiddir. Eyni zamanda nəzərə alsaq ki, Rusiya və İran regionda koordinasiyalı şəkildə hərəkət edir, həmin türkmən qazının da daşınması tarixə qovuşa bilər. Hər halda ətrafımızda baş verən bütün bu olaylar bizlər üçün də ciddi siqnaldır. Təhlükəni anlamalı və son dərəcə diqqətli olmalıyıq. 
 

Daha dəqiq ifadə edəsi olsam, hazırda dünyaya iki ən böyük təhdid varsa, ikisi də bizim qonşumuzdur. Coğrafiya qədərdir...

Zaur Qəriboğlu


23:51 - 9 İyul 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin