Azərbaycanda yüksək əməkhaqqı alan müəllimlərin sayı və əməkhaqqının məbləği açıqlanıb. Təhsil eksperti Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əgər müəllimin sertifikasiya göstəriciləri yaxşıdır və dərs saatı ən azı 1 stavkadırsa (dərəcə), o minimum 900-1000 manat əmək haqqı ala bilir. Onun sözlərinə görə, bu gün Azərbaycanda 960 müəllim 2 min manatdan yuxarı əməkhaqqı alır.
Ekspert bildirib ki, həmin müəllimlər sertifikasiyadan keçən və 30 saata yaxın dərsi olanlardır: "Azərbaycanda sertifikasiya imtahanında iştirak edən müəllimlərin əmək haqqı onların göstərdikləri nəticələrdən asılı olaraq 10-35% artır. Hazırkı prosesdə sertifikasiyadan 51 baldan yuxarı toplayan müəllimlərin əməkhaqları kifayət qədər yaxşıdır. Onların staja görə əməkhaqlarına 35% əlavə olunub. Bundan sonrakı prosesdə müəllimlərin əməkhaqları onların öz bilik və bacarıqlarına uyğun olacaq".
K.Əsədov həmçinin məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərənlərin əməkhaqqlarındakı artımlardan da danışıb: "Bu il məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər də sertifikasiyadan keçəcəklər. Artıq bununla bağlı Baş nazir qərar imzalayıb. Yəni onların da əməkhaqları sertifikasiya imtahanında topladıqları bala uyğun olaraq 10-35% artacaq".