Ölkəmizdə diplomatik xidmətlərin başlanğıcı uzun tarixə söykənir. Belə ki, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi Katibliyinin yaradılması haqda qərar qəbul edilib. Bu tarix Azərbaycanın peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur.
Azərbaycanın dünyanın 80-ə yaxın ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəliyi, 15 xarici dövlətin konsulluğu akkreditə olunub.
Səfir xarici ölkədə onların maraqlarını təmsil etmək üçün bir ölkənin hökuməti tərəfindən təyin olunan yüksək səviyyəli diplomatik nümayəndədir. Onların əsas rolu iki ölkə arasında diplomatik əlaqələr qurmaq və saxlamaq, ticarəti asanlaşdırmaq, mədəni və təhsil mübadilə proqramlarını təşviq etməkdir. Səfirlər öz ölkəsi ilə ev sahibi ölkə arasında rəsmi əlaqə rolunu oynayır və iki hökumət arasında mühüm məlumat və göstərişlərin çatdırılmasına cavabdehdirlər. Onlar həmçinin xarici siyasət məsələlərində öz hökumətlərinə məsləhətlər verirlər.
Digər vəzifələrlə yanaşı, səfirlər qəbul edildikləri ölkədə yaşayan öz ölkələrinin vətəndaşlarının təhlükəsizliyini təmin edir. Dövlətlərin adətən diplomatik əlaqələri olan əksər ölkələrdə səfirləri olur və onlar adətən ev sahibi ölkənin paytaxtında yerləşir.
Diplomatik agentlərin həmçinin toxunulmazlıqları da var. Buna görə də, onlar diplomatik vəzifə tutduqları bütün müddət ərzində qəbul edən ölkədə təqribən müdafiə olunurlar.
Diplomatik bacarıqlarına, xarici dil biliyinə və beynəlxalq münasibətlərdə təcrübələrinə görə seçilmiş elçilərimiz arasında gənc və ən uzun fəaliyyət göstərənləri maraq doğurur.
Modern.az bununla bağlı olaraq Azərbaycanın ən gənc və yaşlı səfirini araşdırıb.
Araşdırmaya görə, Azərbaycanın ən gənc səfiri Fransaya ötən il təyin olunmuş Leyla Abdullayevadır.
Orta təhsilini Bakıda və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alan gənc elçi 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır.
42 yaşlı diplomat nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkənin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. 2018-2022-ci illərdə XİN-in mətbuat katibi olub. Prezidentinin 17 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
17 ildir səfir olaraq çalışan Polad Məmmədov isə 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini götürən səfir geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi də tanınıb.
78 yaşlı elçi 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib. Diplomat, həmçinin Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006) vəzifəsində çalışıb.
Daha sonra Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.
Yaşlı səfirlərimiz arasında Vilayət Quliyev, Tamerlan Qarayev, Vaqif Sadıqov və sair də var.