Məlumat verdiyimiz kimi, sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prosesdə çıxış edən şahid Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynovun ifadəsi maraqlı məqamları üzə çıxarıb. Məhkəmədə məlum olub ki, iş üzrə digər şəxslər – Milli Məclisin deputatı İmamverdi ismayılov və Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev də şahid qismində iştirak etməli idilər. Amma hər iki şəxs məhkəməyə gəlməkdən imtina ediblər. Hakim Ə.Məmmədov bildirib ki, İ.ismayılov və A.Vəliyev növbəti dəfə prosesə gəlməsə, onların məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq.
“Azsiyasət”-ə daxil olan məlumata görə, İ.İsmayılovun məhkəməyə gəlməkdən inzibati üsullarla yayınması, heç də təsadüfi deyil. Bildirilir ki, icra başçısı A.Vəliyevin ittihamda göstərilən məsələlərlə bağlı atdığı addımlar məhz onun vasitəçiliyi ilə həyata keçirilib. Şahid V.Hüseynovun “Adil Vəliyev mənə zəng etdi və tapşırdı ki, bir də həmin obyektə yaxın getməyim...” ifadəsi hüquqi məsuliyyət yaradır. Mənbə bildirir ki, pul sövdələşmələrini məhz İ.İsmayılov aparıb.
Bu, Milli Məclisin 6 çağırış deputatı olan İ.İsmayılov üçün ilk presedent deyil. Onun adı həmişə müxtəlif qalmaqallarda hallanıb. Bundan əvvəl də o və onun ailə üzvləri müxtəlif qalmaqallarla gündəmin əsas manşetlərini zəbt edib.
“Azsiyasət”-ə daxil olan digər məlumata görə, İ.İsmayılov “Əvəz Zeynallı işi”ndə adını şahidlər siyahısından çıxarılması üçün Bakı Ağır Cinayətllər Məhkəməsinin yeni sədri İsmayıl Xəlilovla görüşməyə çalışır. Üstündən 3 gün vaxt keçib, bu görüşün baş tutub-tutmaması ilə bağlı məlumatları hələki əldə edə bilməmişik, amma onun bütün mümkün variantlardan istifadə edərək məhkəmədə ifadə verməkdən boyun qaçıracağı heç bir şübhə doğurmur.