Azərbaycanda müəllimlərin orta aylıq maaşı ölkə üzrə ümumi orta aylıq əməkhaqqıdan aşağıdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, yeni tədris ilinin başlanğıcında müəllimlərin orta əməkhaqqısı 830 manat olub. Bu, ölkə üzrə orta aylıq əməkhaqqıdan 10% azdır.
Qeyd edək ki, Avropada ən yüksək əməkhaqqı alan müəllimlər Luksenburqda yaşayırlar: illik əməkhaqqı 69,076 min avrodur. Daha sonra İsveçrə (66,972 min avro), Almaniya (54,129 avro) və Danimarka (47,980 avro) gəlirlər.
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, qardaş Türkiyədə bu ilin iyul ayının yekunlarına əsasən, orta məktəb müəllimlərinin illik maaşları 12 min dollardır: "Bu, qardaş ölkədə müəllimin orta hesabla ayda 1000 dollar maaş alması anlamına gəlir. Təbii ki, burada mülkiyyət növləri və bölgələr üzrə fərqlər də var. Bununla yanaşı, Türkiyədə müəllimlər öz ölkələrinin orta aylıq əməkhaqqı ilə müqayisədə təxminən 2 dəfə çox maaş alırlar. Qeyd edək ki, Türkiyədə minimum əməkhaqqı (425 dollar) ilə ümumi orta aylıq maaş arasında fərq yüksək deyil.
Bu baxımdan, Azərbaycanda da müəllimlərin orta aylıq maaşının ölkə üzrə orta aylıq əməkhaqqıdan daha yüksək olması vacibdir. Təhsil ölkənin, cəmiyyətin və eləcə də, iqtisadiyyatın inkişafında əsas lokomotivdir. Bunun üçün də təhsilverənlərin əməklərinin daha yüksək qiymətləndirilməsi önəmlidir".
Millət vəkilinin sözlərinə görə, müəllimlərin daha yüksək əməkhaqqı almasına nail olunması üçün sertifikasiya imtahanlarında nəticələrin daha ədalətli və səmərli qiymətləndirilməsinə ehtiyac var: "Mövcud qaydalara əsasən, sertifikatlaşdırmada iştirak edib sualların 83,3%-ni düzgün cavablandıran müəllim 50% doğrusu olan ilə eyni əməkhaqqı artımından faydalana bilir. 51 sualı düzgün cavablandıran müəllim 35% artımdan yararlandığı halda, cəmi 1 düzgün az, yəni 50 doğrusu (83,3% nəticə) olan pedaqoqumuzun əməkhaqqısında cəmi 10% artım hesablanır".
"Qeyd edək ki, son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alınır. Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8%, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4%) çoxdur.
Deməli, vəsait var. Sadəcə, daha səmərəli əməkhaqqı sisteminin yaradılması ilə bağlı islahatlar daha da dərinləşməlidir", - deyə V. Bayramov əlavə edib.