Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır. Belə ki, “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından əlavə, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət keyfiyyətini yüksəltməyə kömək edir.
Asayis.az xəbər verir ki, Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında yeni ödəniş üsulunun üstünlüklərindən danışıb:
“İnnovasiyalar, yeniliklər alqışlanmalıdır. Düşünürəm ki, vətəndaşlar ödənişlər zamanı bu və ya digər formada əziyyət çəkməyəcəklər. Vətəndaşın əsas istəyi odur ki, nəqliyyatda ödəniş sistemlərində rahatlıq, mobillik olsun.
Hamı istəyir ki, rahat, tez gedib-gəlsin, işini görsün. Əgər proqram təminatında hər hansı çatışmazlıq olmasa, ödəmələrdə də problemlər yaşanmayacaq. Yeniliklər tək metroda deyil, digər ictimai nəqliyyat vasitələrində də tətbiq edilməlidir. Xarici ölkələrdə müasir innovasiyalardan istifadə olunur, biz də bundan yararlanmalıyıq”.