Bu ərazilər QIRMIZI ZONADIR - Bakı zəlzələyə hazırdır?

 Bu ərazilər QIRMIZI ZONADIR - Bakı zəlzələyə hazırdır?

Kürdəmirdə baş verən 5,2 maqnitudalı zəlzələ paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının təbii fəlakətə davamlı olub-olmadığı məsələsi ətrafında müzakirələri yenidən gündəmə gətirdi. Tikinti işlərinin dayanmaq bilmədiyi şəhərdə hündür mərtəbəli binaların əlindən iynə atsan, yerə düşməz. Bəzi yaşayış komplekslərində isə vəziyyət daha da acınacaqlıdır. Binalar o qədər bir-birinin içində tikilib ki, zəlzələ olarsa, nələrin yaşana biləcəyini təsəvvür etmək elə də çətin deyil.

Asayis.Az xəbər verir ki, inşaat üzrə ekspert, memar – dizayner Muxtar Ərturan açıqlamasında Bakı şəhərində keyfiyyətsiz və inşaat normalarına uyğun gəlməyən binaların çox olduğunu təsdiq etdi:

“Bəzi binalarda keyfiyyətsiz inşaat materiallarından istifadə olunub. Hətta zəif inşa olunmuş və sonradan sakinlər və ya MTK sahibləri tərəfindən daşıyıcı sütunları kəsilərək, konstruktiv müdaxilələr edilmiş binalar da az deyil. Türkiyədəki dağıdıcı zəlzəldən sonra Azərbaycanda bununla bağlı heç bir əməli addım atılmadı. Sadəcə qanun qəbul edildi ki, mərtəbə sayı müəyyən edilmiş həddən çox olmasın. Çox az binada monitorinq keçirildi, 90 faizi demək olar ki, yoxlanılmadı”.

Ekspert təəssüflə qeyd edib ki, riskli binadalardakı problemlərin həllini tapması üçün uzun zaman lazımdır:


“Bakıda qırmızı zonalar var – Yasamal, Günəşli, Yeni Yasamal, Yeni Günəşli. Riskli binalar əsasən bu ərazilərdədir. Ölkədə inşaat normalarına riayət edən MTK-lar çox azdır. Gözlə görünəcək qədər açıq pozuntulara yol verilir. Bakı – Sumqayıt yolu istiqamətində bir-birinə çox yaxın tikilən binaların olduğu yaşayış kompleksləri var. Bir binada baş verəcək hadisə qısa vaxtda digərinə də təsir edəcək. Artıq belə tikintiyə icazə yoxdur, lakin tikilən, tikilib, insanlar belə binalarda yaşamağa davam edir”.

Demokrat.az

16:50 - 5 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin