Gəncədə eltilər saçyoldusuna çıxdılar - TƏFƏRRÜAT

 Gəncədə eltilər saçyoldusuna çıxdılar - TƏFƏRRÜAT

Gəncə şəhərində 1958-ci il təvəllüdlü Vüsalə şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı eltisi Xanıma (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin aprelin 23-də baş verib. 

Vüsalə yaşadığı ünvanda eltisi Xanımla aralarında baş vermiş mübahisə zamanı əl zərbələri ilə onun baş və sifət nahiyələrinə qəsdən vurub. 

Hadisəni törədən Vüsalənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, yaşadıqları ünvanda yaşayışa görə eltisi Xanımla aralarında mübahisə var: 

“Həmin ev mənim qaynatamdan qalıb. Lakin qaynımgil evə öz sahibliyini irəli sürdüyü üçün məhkəməyə müraciət ediblər”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü eltisi Xanım həmin evə gəlib və evdə onlarında payının olduğunu, evdən çıxmaq istəmədiyini bildirib: 

“Həmin vaxt özüm yemək yedim və masanın üzərini təmizlədim. Qonaq çağırıldığım üçün əynimi geyindim və evdən çıxacağımı Xanıma söylədim. Otaqda nə əşyası varsa götürərək birlikdə evi tərk etməyi təklif etdim. Lakin həmin vaxt Xanım qışqır-bağır saldı, evdən çıxmayacağını bildirdi və üzərimə hücum çəkdi. Həmin vaxt mən də özümü müdafiə etmək üçün Xanımı vurdum. Əsəbləşdiyim üçün neylədiyimi bilmədim. Xanımın saçından tutaraq dartdım, ona əl atmaq istədiyim üçün əllərindən vurdum. Daha sonra Xanımı itələyərək otaqdan çıxardım”. 

İş üzrə zərərçəkmiş xanımın sözlərinə görə, eltisi Vüsalə ilə aralarında mübahisə var: 

“Mən ailəm ilə birlikdə bir neçə il Rusiya Federasiyasında yaşadığım müddətdə Vüsalə və yoldaşı evin onlar yaşadığı hissəsinə iddialarını irəli sürüblər. Həmin evdə bizim də yaşamaq hüququmuz olduğu halda, eltim Vüsalə və yoldaşı buna imkan verməyiblər”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü qaynatasının evinə gedib və orada özünün əşyaları olan otaqdan özünə məxsus bəzi əşyaları götürən zaman eltisi Vüsalə ona narazılığını bildirib: 

“Vüsalə qonaq gedəcəyini söylədi, məndən getməyimi tələb etdi. Mən isə Vüsaləyə hələ evdə işimin olduğunu və getməyəcəyimi bildirdim. Bu zaman Vüsalə üzərimçə gələrək nalayiq ifadələrlə məni təhqir etdi. Bu zaman aramızda mübahisə yarandı. Vüsalə üzərimə hücum edərək, saçlarımı yoldu və boğazımdan tutaraq başıma əli ilə zərbələr vurdu. Daha sonra Vüsalə məni buraxdı və çantasını da götürərək evin qapısını üzərimə bağladı və getdi. Halım pisləşdiyi üçün Vüsalənin arxasınca gedə bilmədim”. 

Zərərçəkmiş bildirib ki, bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və evə polis çağırıb. 

Gəncə şəhər Məhkəməsinin hökmü ilə Vüsalə 1000 manat miqdarında cərimə olunub. 

Demokrat.az

16:49 - 30 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin