Eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda ittiham olunan mənzil tikinti kooperativinin sədri Məhərrəm Məhhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib.
Asayis.Az xəbər verir ki, əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında deyib ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, bu günə qədər MTK-lar tərəfindən aldadılmış 5200-dən artıq vətəndaş var:
“Bu dələduzluq halları bütün tikinti şirkətlərinə aid deyil, təbii ki. Lakin yetəri qədər belə hal baş verir, bundan sonra da davam edəcək. Qanunda boşluqlar var. Təxminən 30 il əvvəl, xüsusən də Bakı şəhərində çoxmənzilli binaların inşasına start verildi. Bu günə qədər təkcə Bakı şəhərində iki mindən artıq yeni tikili çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib".
Ekspertin sözlərinə görə, bu illər ərzində tikinti şirkətlərinin vətəndaşlara verdiyi maliyyə arayışı sadəcə alqı-satqı müvaqiləsidir:
"Vətəndaş külli miqdarda pul ödəyir, hazır və ya tikilməkdə olan binalardan mənzil alır, lakin heç bir halda sığortalanmır, ödədiyi məbləğ heç yerdə rəsmi təsdiqini tapmır. Satılan mənzillərin qeydiyyatı aparılmır. Bina tikintisilə məşğul olan şirkətlər inşaata başlayanda aidiyyəti üzrə bütün dövlət qurumlarından rəsmi icazə alır. Belə olan halda satdıqları mənzillərin də qeydiyyatı aparılmalıdır".
E.Fərzəliyev bildirib ki, satış mexanizmi ayrıca qurumun səlahiyyətində olmalıdır:
"Tikinti şirkəti vətəndaşı aldatmaq istəsə də belə bir şansı olmayacaq. Şəxs mənzil alanda müvafiq quruma yaxınlaşıb, həmin mənzil barədə məlumat ala bilməlidir. Heç bir dövlət qurumunda MTK-larla bağlı məlumat bazası olmadığına görə vətəndaş şirkətin dediyi hər şeyə inanmaq məcburiyyətində qalır. Nə qədər ki, yeni tikililərin satış mexanizmində heç bir dəyişiklik olmayacaq, vəziyyət illər əvvəl necə idisə, elə də davam edəcək".
Ekspert əlavə edib ki, vətəndaşı aldadan şirkət rəhbəri müsadirə ediləcək mülkiyyəti yoxdursa, ən yaxşı halda həbs edilir:
"Bu, vətəndaşa heç nə vermir. Tikinti və əmlak sahəsi Azərbaycan iqtisadiyyatının böyük hissəsini əhatə edir. Əksər insanlarda tikinti şirkətlərinə inam qalmayıb. Gözləyirlər ki, bina tam tikilib qurtarsın, çıxarış verilsin, bundan sonra mənzili alsınlar. Məlumdur ki, çıxarışlı mənzillərlə çıxarışsız olanlar arasında ciddi qiymət fərqi var. Vətəndaş sonradan aldadılmaq ehtimalına qarşı pul itkisinə razı olur”.
Demokrat.az