Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb.
Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 faiz artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 faiz artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 faiz artırılaraq 2 min 495,3 rubl olub.
Bəs Rusiyadakı dəyişiklik Azərbaycanda buğda, arpa, qarğıdalı qiymətinə necə təsir edəcək?
İqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az-a açıqlamasında bildirib ki, Rusiyada arpa, buğda və qarğıdalı icracı üzrə gömrük rüsumları qısamüddətli artırılıb. Artım 29 avqust tarixinə qədər davam edəcək. Taxılın hər tonuna 5 dollar artım tətbiq ediləcək:
“Bu qısamüddətli artımın Azərbaycana idxal olunan taxıla hələ ki çox böyük təsiri olmayacaq. Lakin bu artımlar daha uzun müddət davam etsə, əlbəttə mənfi nəticələri olacaq. Axı Azərbaycanın istehlak etdiyi taxılın 60 faizi Rusiyadan idxal olunur. Bu cür artım ölkədə taxılın və unun qiymətinin bahalaşmasına səbəb ola bilər".