Evli kişi və qadın 5 il sevgili oldular, sonra birgə paytaxta qaçdılar - TƏFƏRRÜATLAR

 Evli kişi və qadın 5 il sevgili oldular, sonra birgə paytaxta qaçdılar - TƏFƏRRÜATLAR

Bakının Yasamal rayonunda 1987-ci il təvəllüdlü Mərdan sevgilisi Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 19-da baş verib. Mərdan həmin gün saat 18.30-da yaşadığı evin qonaq otağında qeyri-rəsmi yaşadığı Könüllə mübahisə edib. Səbəb Könülün ondan ayrılmaq istəməsi olub. 

Bu zaman Mərdan Könülün sol qol nahiyəsini tutaraq sıxıb və əli ilə bir neçə dəfə sifət nahiyəsinə zərbələr endirib. Bu hərəkətləri ilə Könülə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mərdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 5 ilə yaxın müddətdir Könül ilə tanışdır və onunla sevgili münasibətlərində olaraq qeyri rəsmi yaşaıblar: “Mən də, Könül də ailəlidir. Hər ikimiz rayonda yaşadığımız üçün orada görüşə bilməmişik. Bu məqsədlə aramızda olan sevgi münasibətlərinə görə Bakı şəhərinə gələrək birgə işləyib, yaşamaq qərarına gəldik.Təxminən hadisədən bir ay əvvəl Könül Bakı şəhərinə gəldi, kirayə ev götürməsi barədə mənə məlumat verdi. Mən də Bakı şəhərinə gələrək onunla birlikdə yaşamağa başladım. Birgə yaşadığımız müddətdə bir neçə dəfə Könül mənə rəsmi ailə həyatı qurmağı təklif etsə də onunla razılaşmadım. Bu səbəbdən də Könül məndən ayrılmaq istədi. Mən də Könülə söylədim ki, iyun ayının sonunadək yaşayaq, sonra rayona gedəcəm. Hər dəfə bu mövzuda söhbət olanda aramızda sözlə mübahisə baş verirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 18 radələrində evə gəlib: “Həmin vaxt Könül evdə idi. Söhbət əsnasında Könül məndən ayrılmaq istədiyini söylədi. Mən də nə səbəbə ayrılmaq istəməsini soruşdum. Həmçinin düşündüm ki, Könülün həyatında digər şəxs var, bu səbəbdən də ondan telefonunu istədim. Könül özünü şübhəli apardı və telefonu mənə vermək istəmədiyindən aramızda mübahisə yarandı. Aramızda olan mübahisə daha da şiddətləndi. Əsəbiləşərək Könülün sol qolundan tutaraq sıxdım və bir neçə dəfə əlim ilə onun sifət nahiyəsinə vurdum. Sonra Könül çölə çıxdı və bir neçə dəqiqədən sonra polis işçiləri gələrək bizi birlikdə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə apardılar”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, 5 ilə yaxın müddətdir Mərdan ilə tanışdır və sevgili münasibətləri var: “Biz ailəli olduğumuz üçün rayonda görüşərək birgə yaşaya bilməmişik. Həmçinin ailəmizdə problemlər yarandığından ondan ayrılmaq istəsəm də  Mərdan məndən ayrılmayıb. Bu səbəbdən də təxminən hadisədən bir ay əvvəl rayondan çıxaraq Bakı şəhərinə yaşamaq üçün gəldim. Bakı şəhərində olduğum zaman Mərdan da dalımca gəldi. Biz birlikdə kirayə yaşadığım evdə yaşamağa başladıq. Birgə yaşadığımız müddətdə Mərdandan ayrılmaq istəməyimi bildirsəm də o məndən heç vaxt ayrılmayacağını söylədi. Buna baxmayaraq biz birlikdə qaldıq. Həmçinin aramızda sözlə mübahisələr olsa da lakin dava-dalaş olmadı”.

Zərərçəkmiş bildirib ki, hadisə günü, saat 17.30-da işdən çıxaraq evə gəlib: “Bir müddət sonra Mərdan da evə gəldi. Mərdana ondan ayrılmaq fikrim olduğunu söylədim. Lakin Mərdan məndən ayrılmayacağını bildirdi, mənimlə mübahisə etməyə başladı. Aramızda olan mübahisə daha da şiddətləndi. Bu zaman Mərdan mənim sol qolumdan tutaraq möhkəm sıxdı. Əli ilə sifət nahiyəmə bir neçə dəfə zərbə ilə vuraraq mənə xəsarət yetirdi. Mərdanın əlindən bir təhər çıxaraq qaçdım. Küçədə polis işçilərini gördüm. Onlara bu barədə məlumat verdim. Sonra polis işçiləri ilə birlikdə  Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə gəldik"

Zərərçəkmiş qeyd edib ki, münaqişə zamanı o Mərdanı vurmayıb. Qeyd edib ki, hazırda da Mərdan ondan əl çəkmir və onu narahat edir: “Cinayət işi ola-ola yenə də məni narahat edir. Bu səbəbdən ailəmdə də mübahisə var. Ona görə də Mərdanın ən ağır formada cəzalanmasını istəyirəm”.

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Mərdan 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
 

Demokrat.az

16:39 - 25 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin