Bacısının tiktoker qızını öldürən şəxsdən XƏBƏR VAR

 Bacısının tiktoker qızını öldürən şəxsdən XƏBƏR VAR

Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsindəki hökmdən verilən kasasiya şikayətinə baxılıb. 

Asayis.Az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. 

Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Bədəlov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. 

Xatırladaq ki, hadisə 2021-ci il mayın 9-u saat 06 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib. 

İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. 

Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb. Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. 

V.Bədəlov da bacısı qızının bu hərəkətlərinə irad bildirib. F.Məmmədova isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb. 

Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb. 

İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

V.Bədəlov ifadəsində F.Məmmədovanın "TikTok" sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.
 

Demokrat.az

13:42 - 24 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin