Rüşvət alan sabiq məmurlar yenidən HAKİM QARŞISINDA

 Rüşvət alan sabiq məmurlar yenidən HAKİM QARŞISINDA

Sabirabadın rüşvət almaqda ittiham olunan sabiq baş memarı Müşfiq Qasımov və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər. 

Asayis.Az xəbər verir ki, onlar barələrində olan hökmün dəyişdirilməsini, cəzalarının yüngülləşdirilməsini istəyiblər. 
Onların şikayətləri araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. 

Hakim İlkin Abdullayevin sədrliyi ilə bu gün baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. 

Məhkəmə baxışı sentyabrın 7-nə təyin olunub. 

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Qasımov 8 il 6 ay, Eldar Quliyev isə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, təqsirləndirilən şəxslər ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.

İttihamda deyilir ki, Müşviq Qasımovun FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Müşviq Qasımov və Eldar Quliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Demokrat.az

13:28 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin