Biləsuvarda çobanlar arasında dava - TƏFƏRRÜAT

 Biləsuvarda çobanlar arasında dava - TƏFƏRRÜAT

Biləsuvar rayonunda 1999-cu il təvəllüdlü Elnur münaqişə zamanı tanışı İnqilaba xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 17 oktyabr 2021-ci ildə, saat 09 radələrində Biləsuvar rayonunun ərazisində yerləşən “Çərçili” adlanan ərazidəki pambıq sahəsində baş verib. 

Elnur orada qoyun otararkən İnqilab ondan qoyunları sahədən çıxarmasını tələb etməsi ilə bağlı aralarında münaqişə yaranıb. Bu zaman Elnur İnqilabın boyun nahiyəsindən tutaraq sıxıb və sonra yerə yıxıb.  İnqilaba ağır dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Biləsuvar rayonun Nəsimi kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bəydili kəndində anası ilə birlikdə yaşayır: “Atam 2013-cü ildə vəfat edib, xəstə anam mənim himayəmdədir. Subayam, xeyli müddətdir ki, Biləsuvar rayonunun “Çərçili” adlanan ərazidə yerləşən Mübariz adlı şəxsə məxsus olan fermada çoban işləyirəm. Mübarizə məxsus mal-qaranı və qoyunları saxlamaqla, yəni çobanlıqla məşğul oluram və həmin fermada yaşayıram. Biləsuvar rayonunun “Çərçili” deyilən ərazidə, özümün işlədiyim fermaya yaxın ərazidə olan Tarverdi adlı şəxsə məxsus fermada çoban işləyən İnqilabı tanıyıram. Aramızda münasibətlərimiz yaxşı olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 17 oktyabr 2021-ci ildə, saat 09 radələrində Mübarizin fermasının yaxınlığında Natiq adlı şəxsin pambıq sahəsində qoyun otararkən İnqilab həmin sahəyə gəlib və pambıq sahəsində özünün qoyun otaracağını bildirib, ondan qoyunları sahədən çıxarmasını tələb edib: “Mən isə sahənin sahibi Natiqin icazəsi ilə orada qoyun otardığımı dedim. Qoyunları sahədən çıxarmadım. Buna görə də İnqilab məni nalayiq ifadələrlə söyərək təhqir etdi. Mən də İnqilabın söyüşlərinə cavab olaraq onu təhqir etdim. Bu zaman İnqilab üzərimə hücum etdi, sifətimə bir dəfə şillə ilə vurdu. İnqilabın məni vurmasından əsəbiləşdiyim üçün onun üzərinə getdim. Bir-birimizdən tutaraq əlbəyaxa olduq. Bu zaman İnqilabın boynundan tutaraq bərk sıxdım və onu özümdən kənara itələdim. İnqilab da yerə yıxıldı. Az sonra İnqilab boynunda ağrıları olduğunu bildirdi. Həmin vaxt İnqilabın xəsarət almasını bilmişəm. Aramızda baş vermiş mübahisədən sonra həmin yerdən uzaqlaşdım. Sonradan bildim ki, İnqilab boynundan xəsarət alıb. Buna görə xəstəxanaya gedərək orada əməliyyat olub”. 

İş üzrə zərərçəkmiş İnqilabın sözlərinə görə, təxminən 20 ildir Biləsuvar rayonunda, “Çərçili” adlanan ərazidə yerləşən Tarverdi adlı şəxsə məxsus fermada ailə üzvləri ilə birlikdə yaşayır, həm də Tarverdiyə məxsus olan mal-qaranı və qoyunları saxlamaqla, çobanlıqla məşğul olur: “Təqsirləndirilən Elnuru tanıyıram, aramızda ədavət və ya düşmənçilik münasibətləri yoxdur. Elnur Mübariz adlı şəxsə məxsus fermada çoban işləyir. Oktyabrın 16-da Elnurun qardaşı Zamiqin otardığı mal-qara bizim pambıq sahəsinə girib otladı. Oktyabrın 17-də, saat 09 radələrində Biləsuvar rayonun “Çərçili” deyilən ərazidə yerləşən Natiq adlı şəxsə məxsus olan pambıq sahəsində qoyun otaran zaman Elnurun da həmin sahədə qoyun otarmasını gördüm. Elnurun yanına gedib bir gün əvvəl qardaşı Zamiqin otardığı qoyunların bizim pambıq sahəsində otarmasına narazılığımı bildirdim. Ondan otardığı qoyunlara nəzarət etməsini, mənim qoyunları otardığım sahəyə girməməsini tələb etdim. Bu zaman Elnur məni nalayiq ifadələrlə söyərək təhqir etdi. Mən də əsəbiləşdiyim üçün Elnuru qarşılıqlı olaraq söyüb-təhqir etdim. Sonra şillə ilə Elnurun sifətinə vurmaq istədim. Lakin atdığım şillə Elnurun sifətinə dəymədi”. 

Zərərşəkmiş qeyd edib ki, bundan sonra Elnur onun üzərinə gəlib: “Biz əlbəyaxa olaraq dalaşdıq. Bu zaman Elnur əlləri ilə boynumdan tutaraq sıxdı və məni yerə yıxdı. Həmin vaxt Elnur da mənimlə birlikdə yerə yıxılsa da, boynumdan əllərini buraxmadı. Yerdə uzanmış vəziyyətdə əlləri ilə boynumu sıxmağa davam etdiyinə görə, Elnurdan boynumu buraxmasını tələb etdim. Lakin Elnur boynumu möhkəm sıxdıqdan sonra buraxdı. Bundan sonra Elnur məndən ayrıldı və oradan getdi. Həmin vaxt boynumda bərk ağrı hiss etdim. Çətinliklə ayağa qalxaraq yaşadığım fermaya tərəf getdim. Yolda arvadım Gülqədəmlə rastlaşdım. Ona Elnurla aramızda dava-dalaş olduğunu, Elnurun boynumu sıxmasını və boynumun ağrıdığını dedim. Sonra arvadım ilə birlikdə otardığım qoyunları fermaya apardım. Boynumda ağrılar çox olduğu üçün fermada qalmadım. Arvadım ilə birlikdə Biləsuvar rayonun Xırmandalı kəndində yerləşən evimə getdik. Həmin gün iş günü olmadığından xəstəxanaya getmədim. İki gündən sonra Biləsuvar rayon xəstəxanasına getdim.

Xəstəxanada həkimlər məni müayinə etdi, boynumu rentgen etdikdən sonra boynumun fəqərəsinin sınmasını bildirdilər. Xəstəxanada həkimlər mənə tibbi yardım göstərsələr də, əməliyyat edə bilmədilər. Ona görə də bir neçə gündən sonra Bakı şəhərinə, “Neftçilər” xəstəxanasına getdim. Orada boynumdan əməliyyat olundum”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elnur 2 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə  saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. 

Hökmün icrası Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə olunub. 
 

Demokrat.az

13:07 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin