Samuxda arvadını döyən kişiyə cəza verildi

 Samuxda arvadını döyən kişiyə cəza verildi

Samux rayonunda 1979-cu il təvəllüdlü Arif ailə münaqişəsi zəminində  həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Asayis.Az-ın məlumatına görə, hadisə Samux rayon Füzuli kəndində baş verib. Arif yaşadığı evinin qarşısında küçədə daş parçası ilə Baharın baş nahiyəsinə iki dəfə vurub. 

Hadisəni törədən Arifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Samux rayonu Füzuli kəndində yaşayır, fərdi əməklə məşğuldur:

“Zərərçəkmiş Bahar ilə təxminən 2020-ci ildə ailə həyatı qurmuşam, 1 övladımız var. Baharla övladımız olduqdan sonra ayrıldıq. Bahar mənimlə yaşamadığı üçün Daşkəsən rayonunun Alaxançallı kəndində valideynləri ilə birgə yaşayır. Lakin hərdən mənim evimə gəlib-getsə də, onu yaşadığım evə buraxmırdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Bahar növbəti dəfə onun yaşadığı evə gəlib, bir gecəlik müvəqqəti qalmasını xahiş edib: “Mən isə buna razılaşdım. Bu səbəbdən biz evdə birgə qaldıq. Ertəsi gün, təxminən saat 11-12 radələrində Bahar getmək istəmədi. Bu səbəbdən küçədə aramızda sözlə mübahisəmiz oldu. Mübahisə zamanı əsəblərimi cilovlaya bilmədim. Yerdə olan daş parçasını götürərək Baharın baş nahiyəsinə iki dəfə vuraraq xəsarət yetirdim”.

Samux rayon Məhkəməsinin hökmü ilə Aydın 240 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 
 

Demokrat.az

12:39 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin