Yeni tədris ilinin başlamasına 1 aydan az müddət qalıb. Bölgələrdən gələn tələbələrin sayının artması isə kirayə evlərə tələbatı artırır. Bu da kirayə mənzil bazarında bahalaşmaya səbəb olur. Bəs, bu il necə olacaq? Paytaxtın hansı ərazilərində kirayə mənzillər bahalaşacaq?
Asayis.Az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, bu il də kirayə mənzil bazarında bahalaşma müşahidə ediləcək:
"Hər il olduğu kimi bu il də avqust ayının sonlarına doğru və sentyabr ayında kirayə mənzil bazarında qiymət artımı qaçınılmaz olacaq. Keçən il bu dövrdə - avqust ayının sonuna yaxın 6,22 faiz, sentyabr ayında 9,74 faiz qiymət artımı olub. Bu il də kirayə mənzil bazarında qiymət artımı müşahidə olunacaq. Ehtimal var ki, bu il qiymət artımı ötən illərlə müqayisədə az olsun. Çünki bu il qiymət artımı tədricən baş verib. Bahalaşmaya dirənc olması səbəbindən qiymət artımı ötən illə müqayisədə bu il az olacaq. Amma yenə də artım olacağı istisna edilmir".
Ekspertin sözlərinə görə, qiymət artımı daha çox təhsil ocaqlarının ətrafında müşahidə ediləcək:
"Qiymət artımı daha çox təhsil ocaqlarının yaxınlığında yerləşən evlərdə və metro ətrafında daha çox olacaq. Bu da İnşaatçılar, Elmlər Akademiyası, mikrorayon ərazisi və Əhmədli ərazilərində olacaq. Digər ərazilərdə qiymət artımı müşahidə edilsə də, bu, çox cüzi - təxminən 2-3 faiz civarında hiss ediləcək. Tələbələrin ,əsasən, 1-2 otaqlı mənzillərə meyil etməsi səbəbindən bu mənzillər daha çox bahalaşacaq. 3 və daha artıq otaqlı mənzillərdə qiymət artımı müşahidə edilməyəcək".