“Dönərxanalar insan tərinin, milçək yumurtalarının satıldığı bir yerdir"

 “Dönərxanalar insan tərinin, milçək yumurtalarının satıldığı bir yerdir

Vay o günə ki, yay ayında könlünə dönər düşə, ya da cibindəki pul dönər almağa çata. Belədirsə, dönərxanaya gedərkən yanınızda sərinkeş, ya da dəsmal aparmağı unutmayın. Çünki əks halda restoranlarda qaynar soba başında dönər hazırlayanların bol “tər”avətli dönərləri iştahınıza bir az duz qatacaq. Bu halla qarşılaşan xeyli sayda vətəndaşın sosial şəbəkələrdəki şikayətlərindən də aydın olur ki, sahibkarlar o öz işçilərini qızmar istidə kondisionersiz dönərxanada istismar edirlər. Yay aylarında çörək pulu qazanmaq üçün bu işə möhtac qalanların əziyyətini heç kim yerə vurmaq istəməz. Müzakirələr zamanı isə bildirilib ki, dönər hazırlayanların əlacları olsa, 1 saat belə isti soba başında, bu cür ağır şərtlərdə işləməzlər, lakin sahibkarlarla yanaşı, restoran əməkdaşları da işlərinə qarşı məsuliyyətli olmalıdırlar. Heç kim başqasının “alın təri”nə qarışmış dönəri yemək istəməz... Şikayətlər sırasında dönər hazırlayanların əlcəkdən istifadə etməmələri də gündəmə gətirilib. Bütün bu müzakirələrin fonunda isə ən çox Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tənqid olunub.

Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyib ki, dönərxanalar Azərbaycanda çox ciddi problemlərdən biridir. 



“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində 2 il İctimai Şuranın üzvü oldum. Dəfələrlə bu problemlərin həll edilməsi üçün məsələ qaldırdım, alternativləri də göstərdim. Lakin AQTA-nın rəhbərliyi “hə, hə” dedi, amma heç bir iş görmədi. Bəli, dönərxanalar insan tərinin, milçək yumurtalarının insanlara satıldığı bir yerdir. Burada dönərlərin keyfiyyəti məsələsi, əlbəttə, daim sual altındadır. Çox təəssüf ki, AQTA iş görəndə yalnız radikal, yəni “bağlama” işi görür. Biz biznes qurumlarının bağlanmasının qətiyyən tərəfdarı deyilik. İstehlakçıların seçim hüquqları mövcud olmalıdır. Sadəcə, gərək AQTA onların standartlara uyğunlaşdırılması üçün iş görsün, lazım olanda müəyyən dövlət vəsaitləri cəlb olunsun ki, onlar standartlara uyğun fəaliyyət göstərsinlər”, - sədr deyib.

E.Hüseynov bildirib ki, tələbin təklifi üstələdiyi yerlər ənənəvi olmayan at, eşşək ətinin, murdar ətlərin satıldığı yerlərdir: “Dönərxanalar da belə yerlərdir. Dəfələrlə murdar olmuş heyvan ətlərini Bakıya gətirən şəbəkə ifşa olunub. Bu məsələdə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar təkcə cərimə edib buraxmırlar. Həbs də həyata keçirirlər. Lakin Azərbaycan məhkəmələri qısa müddətdə DİN-in həbs etdiyi insanlara bəraət verir, buraxır, onlar da yenidən bu işlə məşğul olurlar. Dönərxanalar konkret standartlara uyğun olmalıdır. Əslində dönərxanalara getsək, görəcəyik ki, çoxlu kağızlar asılıb. Guya bu dönər hansısa müəssisədən alınıb. Lakin heç kim sübut edə bilməz ki, orada hazırlanan dönər kağızı verən müəssisəyə aiddir, yoxsa yox. Bir kağız asırlar, istehlakçı tələb edəndə onu göstərirlər. Bu sahədə ciddi dönüş aparılmalıdır. Düşünürəm ki, insanların qısaömürlü olmasının, apteklərdə, həkimlərdə növbədə durmasının ciddi səbəblərindən biri məhz pis qidalanmağımızdır”.

E.Hüseynovun sözlərinə görə, Azərbaycanda zəhərlənmələrin sayı gizlədilir: “Statistika, təxminən, ümumdünya göstəricisi ilə 700 dəfə az göstərilir. Ümumdünya göstəricisinə baxsaq, yer üzündə 1 il içində hər 10 adamdan biri zəhərlənir. Bu hesabla Azərbaycanda 1 ildə 1 milyona qədər zəhərlənmə qeydə alınmalıdır. Lakin biz AQTA-nın saytında baxsaq, görəcəyik ki, ortaya 700 dəfə gizlədilmiş bir rəqəm çıxır. Eləcə də zəhərlənmələrdən ölənlərin sayı. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Ümümdünya Səhiyyə Təşkilatının siyahısında uzunömürlülüyə görə 198 ölkə arasında 115-ci yerdədir, Banqladeşdən, Şri-Lankadan və digər 3-cü dünya ölkələrindən çox-çox geridə qalır. Dahi Hipokrat deyib ki, nə yeyiriksə, oyuq. Deməli, ömrümüz ona görə qısadır ki, çox təhlükəli mal yeyirik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əgər öz varlığını sübut etmək istəyirsə, buyursun, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında lupa qoyub Azərbaycanın vəziyyətinə diqqətlə baxsın”.

Pravda.az

10:33 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin