Bakıda sahibkar tanışına xəsarət yetirdi - TƏFƏRRÜAT

 Bakıda sahibkar tanışına xəsarət yetirdi - TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Amid tanışı Səlvərə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, Amid “Ağa market” adlı mağazanın qarşısında Səlvər ilə əvvəllər yaranmış narazılıqlara aydınlıq gətirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub. 

Amid Səlvərin ünvanına nalayiq sözlər işlədib, həmçinin əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyüb. Səlvəri yerə yıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Amidin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fərdi sahibkarlıqla məşğul olaraq Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində fəaliyyət göstərir. Hadisə günü, gecə saat 01 radələrində “Ağa” adlı mağazaya gedib: “Həmin vaxt orada Səlvər adlı şəxslə rastlaşdım. Söhbət əsnasında Səlvər ilə əvvəllər aramızda yaranmış problemə görə mübahisə etməyə başladım. Əsəbiləşdiyim üçün əl və ayaq zərbələri ilə Səlvərə xəsarət yetirdim. Daha sonra iki nəfər mağazanın işçiləri bizi ayırdılar”. 

İş üzrə zərərçəkmiş Səlvərin sözlərinə görə, hadisə günü, gecə saat 01 radələrində “Ağa” adlı mağazaya gedib: “Həmin vaxt yaşadığım ərazidə yaşayan şəxs kimi tanıdığım Amid adlı şəxslə rastlaşdım. Həmin şəxsi təxminən 2 il olar ki, görmürdüm. Mağazadan çıxdıqdan sonra Amid insanların gözü qarşısında məni təhqir etməyə başladı. Daha sonra Amid sakitləşməyərək əl və ayaq zərbələri ilə təkrar üzərimə hücum çəkdi, yenidən məni döyməyə və digər insanların qarşısında şərəf və ləyaqətimi alçaltmağa başladı”.

Xətai rayon Məhkəməsinin hökmü ilə Amid 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 00.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Bundan başqa onun kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Demokrat.az

17:08 - 21 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin