İqbal Məmmədovun yalanı üzə çıxdı - VİDEO

 İqbal Məmmədovun yalanı üzə çıxdı - VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovun “Lerik broyler”lə bağlı yalanı üzə çıxıb.

Asayis.Az-ın xəbərinə görə, Lerik rayonunun Piran kəndində yerləşən “Lerik broyler”də kəsilən toyuqların qanının çaya axıdılması narazılığa səbəb olub. Sosial şəbəkələrdə bildirilib ki, bu, təbiətə düşmən kəsilməkdir. Sadə vətəndaş etsəydi, məsələ heç ictimailəşməmiş cəza tədbiri görülərdi. Bunu hansısa məmura, deputata yaxın şəxs edəndə isə yüngül cərimə ilə “canını qurtarır”.
 



Bu broyler şirkətində də eyni hal yaşanıb. Üstəlik İqbal Məmmədov mətbuata açıqlama verərək iddiaların həqiqəti əsk etdirmədiyini bildirib. Həmişəki kimi... Mövqeyə diqqət edək:

“Bir neçə gündür ki, sosial şəbəkələrdə və saytlarda mənim və iş adamı olan qardaşım haqqında həqiqəti əks etdirməyən, yalan məlumatlar yayılmaqdadır. Çox təəssüf edirəm ki, bu xəbərləri tirajlayan mətbuat işçiləri istehsal prosesini görmədən, nə vaxtsa orada işləmiş, işində dələduzluq etmiş və işdən qovulmuş insanların paylaşımına istinad edərək iş adamının işgüzar fəaliyyətinə xələl gətirən yazılar dərc etməklə ictimaiyyəti çaşdırmağa çalışırlar. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, Lerik rayonunda 200 nəfərə qədər işçisi olan, illik 5000 ton istehsal gücü ilə tanınan, ən müasir istehsal modelləri ilə təmin olunmuş quş əti istehsal edən “Lerik Broyler” MMC fəaliyyət göstərir. Bu da Lerik rayonunda özəl olaraq dövlət dəstəyi ilə inşa olunmuş yeganə böyük müəssisədir. Müəssisənin inşasından bu günə kimi bütün fəaliyətini dərindən bilən şəxs olaraq reallığı sizə bildirməyi özümə borc bilirəm və bu günə kimi bütün mətbuata istehsal prosesini canlı olaraq görməkdən ötrü qardaşım Çingiz Məmmədovun adından hər birinizi müəssisəyə dəvət edirəm. Şəkildəndə görunür ki, 10 il qabaq çəkilmiş bu feyk videoda axıdılan su, kol-kos olmayan və qırmızı rənglə montaj olunmuş bir səhnədir. Real şəkil isə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən növbəti yoxlama zamanı çəkilmiş qrunt sularının borulardan axan şəklidir. Yazılanların əksinə olaraq bildirmək istəyirəm ki, Toyuq kəsimi zavodunun bütün bölümlərində əmələ gələn tullantılar atqı hovuzuna axıdılır və buradan da xüsusi pompalar vasitəsi ilə Ekologiyanı qorumaqdan ötrü, Azərbaycanda ilk olaraq “Lerik Broyler” MMC tərəfindən idxal olunmuş ən yeni texnologiya ilə quraşdırılmış Rendrinq sexinə ötürülür. “Lerik Broyler” MMC-yə məxsus Kəsim zavodunun istehsalat prosesində yaranan qan, qan vannasından xüsusi pompa vasitəsi ilə paslanmaz çənə yığılır. Yığılmış qan, xüsusi pompalar vasitəsi ilə rendrinq sexinin bişirmə qazanına ötürülür. Kəsim zavodunun tullantıları (toyuq başı, ayağı, tükü, içalatı və istifadə edilmiş su) xüsusi pompa vasitəsilə rendring sexinin separatorundan keçirilərək xüsusi rezervuara (70 ton tutumu olan bunkerə), oradan isə helezonlar vasitəsi ilə bişirmə qazanına ötürülür (5 ton tutumlu). Rendring sexinin bişirmə qazanında yüksək təzyiq (6 bar) və temperatur (860 dərəcə) altında tullantılar və qan qarışdırılıb bişirilərək un halına gətirilir. Kəsim zamanı istifadə olunmuş su və orqanik maddələrin tərkibində olan su yüksək temperatur nəticəsində buxarlanır. Hazır olunmuş un məhsulu öncə qarışdırıcı bunkerə, sonra helezon vasitəsilə metal detektordan keçirilir və sonra pres qurğusuna ötürülür. Müasir texnologiyalar əsasında istehsal prosesindən keçərək alınmış məhsul xüsusi presdə sıxılaraq yağı çıxarılır və sonda toyuq yağı və toyuq unu əldə olunur. Yağdan ayrılmış un helezon vasitəsilə soyuducuya ötürülür. Soyuducuda tempetatur aşağı salınandan sonra helezon vasitəsilə qırıcı-dəyirmana ötürülür. Qırıcı-Dəyirmandan keçmiş un helezon vasitəsilə torbalama bunkerinə ötürülür. Torbalanmış un və əldə edilmiş yağ, balıq yemi istehsalında yüksək proteinli məhsul kimi istifadə olunur. Bişirmə prosesindən yaranan buxar, əmələ gələ biləcək iy və qoxunun qarşısının alınması üçün xüsusi kompressorlar vasitəsilə çox pilləli atsorbentlərdən keçirilir. İstehsalda istifadə olunan buxar ilk öncə siklon tankından keçir, oradan isə 2 ədəd soyuducu kondisionerdən və atsorbenlərdən keçirilir. Bu proses vasitəsilə buxardan alınmış suyun içində olan qoxu neytralaşdırılır. Su borusu vasitəsilə 3 ədəd çökdürücü şambodan keçir. Kəsim sexinin yerləşdiyi ərazi, kəndin qalan ərazisi nisbətində çökəkdə yerləşdiyindən, kənd ərazisində olan bütün qrunt sular, süni kanallar və dərələrdə olan sular Kəsim sexinin ərazisi istiqamətində hərəkət etdiyindən, ərazini qorumaq məqsədilə kəsim sexinin ətrafında drenaj sistemi quraşdırılıb. Drenaj sistemi vasitəsilə kənd ərazisində olan və kəsim sexi istiqamətində toplanan qrunt sular, kanallar və dərələrdən yığılıb gələn sular boru vasitəsilə çaya yönləndirilir. Bildirmək istəyirik ki, sözü gedən borudan çıxan suyun həmin müəssisənin Kəsim sexinin istehsalatına heç bir aidiyyəti yoxdur. Bütün bunları yazmaqda əsas məqsədimiz Lerikdə yerləşən Toyuq kəsimi zavodunun Ekologiyamıza heç bir mənfi təsirinin olmamasını izah etməkdən ibarətdir. Ekologiyamızı qorumaq hər birimizin borucudur”.

Deputatın sözlərindən belə məlum olur ki, müəssisədə heç bir nöqsan aşkarlanmayıb.

 İndi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun mətbuata açıqlaması ilə tanış olaq: “Lerik rayonunun Piran kəndi ərazisində fəaliyyət göstərən “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı “Lerik Broyler” MMC-nin fəaliyyəti ilə əlaqədar bir sıra çatışmazlıqlar və nöqsanlar aşkar edilərək aktlaşdırılıb. Hazırda araşdırma materialları aidiyyəti dövlət orqanları ilə birlikdə təhlil edilir və təhlillərin nəticəsindən asılı olaraq “Lerik Broyler” MMC barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

Avqustun 1-də “Pravda.az”da məlumat vermişdik ki,  “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb. MMC-yə müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. İş Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun icraatında olub.

Bu faktlar kifayət etdimi deputatın dediklərinin həqiqətəuyğun olmadığını üzə çıxarsın. Bu ilk belə hal deyil.

Xatırlayırsınızsa, İqbal Məmmədov 2019-cu ildə də "Relax" istirahət mərkəzində baş verən hadisədə, hətta videokadrlar ola-ola deyirdi ki, yalandır, oğlu vergi xidmətinin işçilərini döyməyib.

 



Sonradan oğlu Mirhəmid Nərimanlı və digərləri saxlanıldı, müvafiq tədbir görüldü.

“Bir deputata bizneslə məşğul olmaq qadağandır” kimi müzakirələri isə açmaq niyyətində deyilik. Çünki bununla bağlı kifayət qədər etiraz, irad bildirilib, amma nəticə yoxdur. Burada isə söhbət bir deputatın həqiqəti deməyə meyilli olmamasındadır. Axı siz həm də seçiciləri təmsil edirsiniz. Açığı bilmirik, onlar İqbal Məmmədova inanır, ya yox...

Pravda.az

16:39 - 18 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin