Bakının Nizami rayonunda 1984-cü il təvəllüdlü Vəli qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Nərmini (adlar şərti verilib – red.) döyüb.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 26-da baş verib.
Bakı şəhər sakini Vəli həmin gün, səhər saat 06 radələrində birlikdə yaşadıqları mənzildə arvadı Nərmin ilə mübahisə edib. Mübahisəyə səbəb isə Nərminin ona xəyanət etməsindən şübhələnməsi olub.
Bu səbəbdən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Vəli qəsdən əli ilə Nərminin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli xəsarət yetirib.
Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
İş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi deyil.
Bu səbəbdən Vəlinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az