Müharibələrdən sağ çıxan zabitimizin çıxışı duyğulandırdı - VİDEO

 Müharibələrdən sağ çıxan zabitimizin çıxışı duyğulandırdı - VİDEO
Bu günlərdə Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı kapitan Vurğun Dadaşovun döyüş əməliyyatı zamanı başına gələn əhvalatı danışmasını əks etdirən görüntülər insanların böyük marağına səbəb olub.

Asayis.Az bildirir ki, sözügedən çıxışın hansı tarixə aid olmasını müəyyən etmək mümkün olmayıb. Görüntülər bəzi sosial media istifadəçilərinin profilində yer alıb.

Qəhrəman zabitimizin insanları duyğulandıran çıxışının mətnini təqdim edirik:

“Lənkaranın Viyan kəndindən bir zabitimiz vardı – leytenant Əhmədov Mübariz. Cavan oğlan idi, 30-32 yaşı olardı. Mənim 48 yaşım vardı. Bölük komandirinin müavini olduğuma görə, mənə qısaldılmış şəkildə “zam” deyirdi. Yaxınlaşdı, “zam” hara gedirsən?” dedi. Cavab verdim ki, əmr gəlib, Abuzərli Beyrək pusquya düşüb, onun arxasınca gedirik. Dedi: “mən gedəcəyəm. Sən 4 uşaq qoyub gəlmisən. Mən subay adamam”. Nə qədər təkid etdim, “yox, sən Birinci və İkinci Qarabağ müharibəsindən sağ çıxmısan. Bu gün gedərsən, antiterror əməliyyatında başına iş gələr, özümü bağışlaya bilmərəm”, - dedi. İnsanda vətənpərvərliyə, qorxmazlığa baxın. Çox israr etdi, dedi ki, 40 nəfər şəxsiyyətlə gedəcəklər. Tam geyindi, Hadrutda idik. Düşmən Hadrutdan Cəbrayılın Köhnə Tağlar kəndinə gəlmək üzrə idi. Təbii ki, qarşısı yüksək səviyyədə alındı. Əhmədov Mübariz otaqdan çıxanda, mənə kifayət qədər böyük bir bayraq  verdi ki, şəhid olsa, buna büküm. Bunu dedi və çıxdı. Dondum qaldım. Həyətdə maşınların səsi gəlirdi. Bir əsgərimiz vardı - İbrahimzadə İbrahim. Əlində iki dənə stolüstü bayraqla içəri girdi. Dedi: “komutan, nə olub? Doluxsunmusan...” Bunu deyəndə, artıq ağlayırdım. Sizə danışdığımı ona da danışdım. O cavabında bildirdi: “Əhmədov “subayam” deyib? Onun iki körpə uşağı var. Stolüstü bayraqları mənə verdi ki, şəhid olsa, övladlarına verim”. Bunu deməklə vətənpərvərliyin ən yüksək səviyyəsindən danışıram. İnsan insanı nə qədər qorumağa çalışar?! Müharibədə tanış olmuşduq. Onun evli və ya subay olmasını bilmirdim, çünki hər gün döyüş idi. Bəlkə evdəkilər məndən inciyərlər, amma inanın, özümə həmin an ölüm arzuladım. Təsəvvür edin, həmin əməliyyatda Əhmədov Mübariz “Ural” markalı avtomobillə minaya düşdülər. Allaha şükür olsun ki, hamısı sağ qaldı”. 
 

Ölkə.az

16:55 - 17 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin