Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbəri Lütfi Qədirov və Orkestrin təsərrüfat işləri üzrə sabiq müdiri Nəzakət Zairova barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Asayis.Az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Qədirov 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyi tərəfindən ona qarşı qaldırılan 355 min manatlıq mülki iddia da təmin edilib.
L.Qədirovla birlikdə təqsirləndirilən N.Zairova isə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Qeyd edək ki, L.Qədirov 2020-ci ilin iyulunda Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 311.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunur.
Rəsmi məlumata görə, L.Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edilib. Onun Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-2020-ci illərdə işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Demokrat.az