Bu sahələrdə iş prosesi dayandırılmalıdır - SƏBƏB

 Bu sahələrdə iş prosesi dayandırılmalıdır - SƏBƏB

Ölkə ərazisində müşahidə olunan anomal istilər gərgin işlərdə, xüsusilə açıq havada çalışanların iş şəraitini gündəmə gətirir. 

Bir neçə gün əvvəl Hacıqabulda  fermada işləyən kənd sakini iş yerində günvurmadan öldü. 

Asayis.Az xəbər verir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şiddətli isti və kəskin soyuq havalarda iş fəaliyyəti dayandırılmalı və ya işçilərin istirahətinə şərait yaradılmalıdır.      
  
Vəkil Tural Həsənli Demokrat.az-a açıqlamasında kəskin hava şəraitilə bağlı işçilərin bilməli olduğu hüquqlardan danışıb. 

“Əmək Məcəlləsinə və ona “Əlavə”yə əsasən, havanın temperaturu +41 dərəcə selsidən çox olduqda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı, işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

Həmçinin Məcəllənin 233-cü maddəsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır”.

O, qeyd edib ki, fasilələr iş vaxtına daxil edilir və bu zaman əmək haqqı işçilərin tarif maaşına görə ödənilir:


“İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İstehsal fasiləsiz xarakter daşıdıqda müəssisədə işi dayandırmaq mümkün olmur. Bu zaman həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən bir-birini əvəz edən növbələr müəyyən edilməlidir”.

T.Həsənli onu da deyib ki, əməyin təhlükəsizliyini təmin etmək işəgötürənin vəzifəsidir:

“Məlum olduğu kimi, əmək müqaviləsi və kollektiv müqavilələrdə bu məsələlər nəzərdə tutulur və buna nəzarəti həmkarlar təşkilatları həyata keçirməlidir. Həmçinin, nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və işçinin əməyinin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsində işçilərin sosial müdafiəsi, əmək şərtləri, iş və istirahət vaxtları və digər məsələlərlə yanaşı, əməyin mühafizəsi üzrə işçinin hüquqları da yer alır”.

Son olaraq ekspert əlavə edib ki, haqları pozulan işçi əməyin mühafizəsinə nəzarət edən orqanlara, həmkarlar ittifaqlarına və ya məhkəməyə müraciət edə bilər:
          
“İsti hava şəraitində iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu cür hallarda əgər işçi tutduğu vəzifədən aşağı maaşlı işə keçirilərsə, bu zaman onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılmalıdır.
          
Buna əməl etməyən işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati qaydada məsuliyyətə cəlb olunurlar”. 
 

11:57 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin