Sentyabrdan ölkədə ət, düyü, kərə və bitki yağlarının qiymətlərində artım olacağı bildirilir.
Asayis.Az xəbər verir ki, bununla bağlı açıqlama verən deputat Vahid Əhmədov deyib ki, bütün dünyada bahalaşma prosesi gedir, bu, Azərbaycandan da yan keçmir. Lakin qiymətlər ilin əvvəli ilə müqayisədə müəyyən qədər sabitləşib. Deputat qiymət artımının səbəblərini də şərh edib:
“Azərbaycan xaricdən kifayət qədər məhsul idxal edir, xüsusilə Türkiyə, Rusiya və Ukraynadan. Türkiyədə baş verən son hadisələr, lirənin kəskin ucuzlaşması, Rusiya – Ukrayna müharibəsi ölkədə qiymətlərə təsir edir. İdxaldan asılılığı azaltmaq üçün bir neçə dəfə təkliflər irəli sürmüşük. Milli Məclisdə də bu məsələni qaldırmışam. İdxalın strukturunda dəyişiklik etmək lazımdır. Hansı məhsulları Azərbaycanda istehsal etmək mümkündürsə, bunun üçün proqram işləyib, hazırlamaq, yavaş-yavaş istehsalına başlamaq lazımdır. Düzdür, nə qədər istehsal etsək də idxaldan azad ola bilmərik, dünya ölkələrilə iqtisadi əlaqələrimiz var. Lakin bu, müəyyəm dərəcədə bahalaşmanın qarşısını alacaq”.
Deputat bildirib ki, Rəqabət Məcəlləsi qəbul edilməlidir:
“Keçən il bu məsələni Milli Məclisin gündəliyinə daxil etmişdik. Məcəllə işlənib, hazırdır. Onun qəbul edilməsi sahibkarların fəaliyyətinə müsbət təsir göstərə bilər, azad şəkildə bazarda iştirak edə bilərlər. Ölkədə azad rəqabət bazarını müəyyən qədər təmin edə bilərik”.
V.Əhmədov süni qiymət artımına da toxunub:
“Bununla bağlı ölkə prezidenti İlham Əliyev dəfələrlə xəbərdarlıq edib. Çox təəssüf ki, bunun qarşısı alınmır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə mütəmadi görüşlər təşkil edir, müzakirələr aparırıq. Cərimələr tətbiq edilsə də bunun qarşısını tam almaq hələki mümkün olmur.
Dəfələrlə demişəm ki, ərzaq və dərman qiymətlərinə nəzarəti gücləndirməliyik. Bunlar insanların gündəlik əsas tələbat mallarıdır. Nəzarət mexanizmi, monitorinqlər ciddi aparılmalıdır”.
Demokrat.az