Sabiq prokuroru şantaj edənlər Ali Məhkəməyə müraciət etdi

 Sabiq prokuroru şantaj edənlər Ali Məhkəməyə müraciət etdi

Sabiq prokuror Tariyel Qurbanovu şantaj etməkdə  ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova barələrində olan məhkəmə qərarından kasasiya şikayətin veriblər. 

Asayis.Az-ın məlumatına görə, onların şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun icraatına verilib. 

Məhkəmə baxışı hələki müəyyən edilməyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Buna səbəb təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə dəymiş ziyanın - 3175 manatın Baş Prokurorluğun depozit hesabına, həmçinin qanunun tələbi ilə cinayət yolu ilə əldə olunan pulun 25 faizi olan - 793 manatı isə dövlət büdcəsinə ödənilməsi olub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ümman Əliyevin cəzası 6 ilə, İlqar Əliyevin 5 ilə və Natiq Nuriyevlə Elnur Eldarovun hər birinin cəzası isə 5 il 3 aya endirilib.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Bu ilin yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.
 

Demokrat.az

11:24 - 13 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin