Asayis.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya 61 yaşlı Əjdər Əliyev deyir. 3 ilə yaxındır ki, Nəsimi rayonu Həsən Əliyev, Mərdanov qardaşları, Sabit Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən mənzillərindən kirayə evlərə köçürülüblər. Əjdər kişi kimi burada yaşayan bütün sakinlər 18 aya yeni mənzillərinə köçməli olsalar da, tikinti işləri ləngiməyə başlayıb. Səbəb isə qonşularından birinin öz mənzilinin söküntüsünə icazə verməməsi və şirkətlə razılığa gəlməməsidir.
Bu ünvanda yeni binaların tikintisini həyata keçirən “Elegant Residence MTK” sakinlərin yaşadığı qəzalı, istismar müddəti bitmiş binaların yerində müasir tələblərə uyğun mənzillər vəd edir. Lakin sadəcə bir sakinə görə şirkət əməkdaşları tikinti işlərinə davam edə bilmədiklərini, vətəndaşların da yeni mənzillərinə daha tez vaxtda köçməkdən məhrum qaldıqlarını bildirirlər.
Şirkətin vəkili, Vəkillər Kollegiyasının üzvü Yavər Yavərzadə deyir ki, artıq 3 ilə yaxın müddətdir, Nazirlər Kabinetinin 86 saylı qərarı əsasında, 1 hektar ərazidə pilot layihə çərçivəsində "Papanin" deyilən ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülməsi, yerində yeni, hündürmərtəbəli, tam standartlara uyğun 7 binadan ibarət çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi “Elegant Residence MTK”ya həvalə olunub.
Şirkət bu müddət ərzində vaxtilə ərazidə yaşayan 50-yə yaxın sakinlə danışaraq razılaşıb və onları kirayə mənzillərə köçürərək aylıq ödənişlərini edir: “Lakin ərazidə yaşayan Rəfael Məmmədov adlı mülkiyyətçi mənzildən çıxmaq istəmir. Bu vətəndaş şirkətdən ağlasığmaz məbləğ tələb edir. Bu da sakinlər arasında ayrı-seçkiliyə səbəb olur və həmin yaşayış binalarının tikintisini qeyri-müəyyən müddətə uzadır. Məhz bu sakinə görə düz 3 ilə yaxın müddətdir ki, tikinti işləri aparıla bilmir”.
Y. Yavərzadə deyir ki, həmin vətəndaşla dəfələrlə marifləndirici söhbət də aparılıb: “İstər şirkət rəhbərliyi, istərsə də Rayon İcra Hakimiyyəti başçısı bu vətəndaşla söhbət aparıb. Mənzilin qəzalı vəziyyəti və baş verəcək hər hansı təhlükəli vəziyyətin qarşısını almaq üçün binadan daşınmaq lazım olduğu izah edilib. Lakin heç bir razılıq əldə olunmayıb. Vətəndaş şirkətdən bir binanın pulunu tələb edir. Artıq şirkətlə vətəndaş arasında bir neçə məhkəmədə mübahisə davam etməkdədir. Bu da uzun proses olduğu üçün 50-yə yaxın sakinin hüquqları pozulmuş olur. Eyni zamanda bu vəziyyət şirkətə külli miqdarda ziyan vurur”.
Kirayə mənzillərdə yaşamaqdan yorulduğunu deyən sakinlərdən biri Sevda Hüseynova bildirir ki, şirkətlə 18 aylıq müqavilə bağlasalar da, tikinti işləri demək olar ki, dayanıb: “Uzun illərdir biz o sakinlə qonşuluq edirik. Heç vaxt problem yaşamamışıq. Lakin indi onların şirkətlə razılaşmamasının əziyyətini biz çəkirik. Tikinti işləri uzanır və biz kirayələrdəyik”.
Digər vətəndaş Rüfət Əhmədov da deyir ki, qonşuları Rəfael Məmmədovun şirkətlə razılığa gəlməməsi işlərini yubadır: “Bizi iki ildir ki, o mənzillərdən çıxarıblar. Bir sakin ayağını dirəyib, razılığa gəlmir. Bu səbəbdən biz hələ də kirayələrdəyik…”
Məsələ ilə bağlı münasibət bildirən Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ələsgər Rüstəmov deyir ki, adıçəkilən vətəndaşla dəfələrlə söhbət aparılıb. Lakin razılıq əldə edilməyib:
“Ümumiyyətlə, pilot layihə çərçivəsində Nəsimi rayonu ərazisində 26 pilot layihə başlanılıb. Bu layihələrin hər birində işlər davam etdirilib və 70-80 faizində yekunlaşma işləri gedib. Həmin binalara sakinlər köçürülüb. Təxminən 2-3 layihəmizdə işlərin durğunlaşmasına səbəb orada yaşayan 1-2 sakinlə razılıq əldə olunmamasıdır. “Papanin”dəki tikinti işləri də həmin layihələrdən biridir. Burada da bir sakinə görə tikinti işləri dayanıb. Artıq orada 7 binadan birinin tikinti işləri tamamlanıb. 2 binanın tikinti işlərinə isə bu vətəndaşın mənzilinə görə başlamaq olmur. Keçən əsrin 50-ci illərində tikilən evlərdir. İstismar müddəti bitib, yararsızdır, təhlükəlidir. Yol infrastrukturu demək olar ki, 0-a bərabərdir. Rayon İcra Hakimiyyəti olaraq bu vətəndaşla görüşülüb və danışıq aparılıb. Şirkət tərəfindən sakinə müxtəlif təkliflər olunmasına baxmayaraq, əfsuslar olsun ki, razılıq əldə olunmayıb”.