Bir tıklama ilə şəxsi məlumatlarınızı oğurlada bilərsiniz - XƏBƏRDARLIQ

 Bir tıklama ilə şəxsi məlumatlarınızı oğurlada bilərsiniz - XƏBƏRDARLIQ

Bəzi qeyri-hökumət təşkilatları sədrlərinin sosial şəbəkə hesablarına kiber hücumlar olub.

Asayis.Az xəbər verir ki, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova feysbuk hesabında bildirib. 

O qeyd edib ki, kiber hücumu həyata keçirən  şəxslər artıq ifşa olunub.


İnformasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə kibercinayətkarlığın miqyası da artır. Kompüter cinayətkarlığı və fərdi məlumatların ələ keçirilməsinin qarşısını almaq üçün bu mövzuda maariflənmək və diqqətli olmaq lazımdır.

İKT sahəsi üzrə mütəxəssis, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, fərdi məlumatların qorunması və kibergigiyena kibercinayətkarlığa qarşı mübarizə tədbirlərini əhatə edir. 

“Kibergigiyena tədbirləri fərdi məlumatları kiber insidentlər, kiber təhlükələr və kiber talançılıqdan qorumağın yollarından bəhs edir.  Fərdi məlumatları qorumaq, şifrələri təyin etmək, internetdə sörf edərkən (gəzərkən) oradakı tələlər, təhlükə yaradan saytlar, yükləməməli olduğumuz fayllar, proqramlar və s. – bütün bunlara diqqət etmək lazımdır. Bəzi saytlara daxil olarkən bildiriş gələ bilər ki, bu saytın SSS sertifikatı (təhlükəsizlik sertifikatı) yoxdur. SSS sertifikatı olmayan sayta daxil olanda məlumatlarımız oğurlana bilər. Brauzer bizi təhlükələr barədə xəbərdar edir, lakin çox vaxt fərqinə varmırıq və ya bunun nə olduğunu bilmirik”. 

Ekspert qeyd edib ki, sosial şəbəkələrdən istifadə edərkən də diqqətli olmaq lazımdır. 



“Profilimizin və ya səhifəmizin oğurlanmaması üçün bizə təklif olunan botların üzərinə tıklamamalıyıq. Şəxsi hesablarımızı oğurlamaq üçün bizə gələn təsdiq kodunu istəyirlər, onu paylaşmamalıyıq”. 

İKT mütəxəssisi deyib ki, həmçinin dələduzluq yolu ilə bank hesablarının oğurlanması da kibercinayətkarlığın bir növüdür. 

“Şəxsiyyət vəsiqəsindəki məlumatları, bank kartının cvv kodunu heç bir halda paylaşmaq olmaz. Məsələn, xaricdən mal sifariş verəndə logistika saytına daxil oluruq. Və ya xəstəxanada şəxsiyyət vəsiqəsinin FİN kodunu istəyirlər. Daha sonra həmin saytlar və ya klinikalar yolu ilə bizim məlumatlarımız ələ keçirilib, pul vəsaitlərimiz oğurlana bilər”. 

Son olaraq E.Abbasov vətəndaşları bu risklərdən məlumatlı olmağa çağırıb. 

“Bilməliyik ki, internetdə və ya getdiyimiz yerdə bizdən hansı məlumatlar istənilə bilər, hansılar istənilə bilməz. Sadalananların hər biri kiber insidentlərə gətirib çıxaran motivlərdir. 
Bəzən istifadəçilər sosial şəbəkə hesablarına daxil olmaq istəyərkən girişin məhdudlaşdırıldığını, profillərinin oğurlandığını görürlər. Əslində bu, bir günün içində baş vermir. Demək ki, həmin istifadəçi bir müddət əvvəl bilmədən internetdə hansısa tələyə düşüb, məlumatları hakerlərin əlinə keçib. Təsadüfi tıklama bir ay sonra şəxsin hesabının və ya fərdi məlumatlarının oğurlanması ilə nəticələnə bilər”.
 

10:34 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin