Azərbaycanda şəkər qıtlığı yarana bilərmi?

 Azərbaycanda şəkər qıtlığı yarana bilərmi?

Hindistanda məhsul yığımında yaranan problemlər və artan daxili tələbat nəticəsində xaricə şəkər ixracının həcmi kəskin şəkildə azala bilər. Xarici ekspertlərin proqnozlarına görə, bu baş verərsə, dünya şəkərin və şəkər məhsullarının bahalaşması ilə üzləşə bilər. 

Bəs, bu bahalaşma Azərbaycana təsir edə bilərmi?

Asayis.Az xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Rəşad Həsənov açıqlamasında bildirdi ki, Azərbaycanda kifayət qədər şəkər ehtiyatı var: 



"Azərbaycan şəkər təminatı baxımından idxaldan kəskin asılı ölkə deyil. Yerli istehsalda şəkər ixracı da var. Lakin Azərbaycan şəkərin istehsalı üçün xammaldan asılı ölkədir. Ərzaq ehtiyatları da, şəkər ehtiyatları da il ərzində yarana biləcək tələbi qarşılamaq gücündədir. Qısa müddətli axsamaları belə bazar özü tənzimləyə bilər".

Ekspert əlavə etdi ki, əgər dünya bazarında bahalaşma uzun müddət davam edərsə, bu, Azərbaycana da təsirsiz ötüşməyəcək:

"Dünya bazarında şəkərin qiyməti qalxdığı zaman Azərbaycanda qiymətlərin dünya bazarı ilə uyğunlaşması üçün bir çağırış formalaşa bilər. Dünya bazarında şəkərin bahalaşması bir neçə ay davam edərsə, bu halda Azərbaycanda da qiymətlərin bahalaşması ilə bağlı təzyiqlər ola bilər. Azərbaycanda qiymət artımı dünya bazarında bahalaşmanın nə qədər davam etməsindən asılı olacaqdır. Orta və uzun müddətli dövrdə Azərbaycandakı qiymətlərin də dünya bazarındakı qiymətlərlə uyğunlaşmasını müşahidə edəcəyik. Hazırda dünya bazarında şəkər qıtlığı müşahidə edilmir. Sadəcə təşəbbüslər var. Ciddi addımlar atılmayıb".

10:56 - 9 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin