Toydan çıxan gənc həmkəndlisinə xəsarət yetirdi

 Toydan çıxan gənc həmkəndlisinə xəsarət yetirdi

Qusar rayonunda 1987-ci il təvəllüdlü Urfan həmkəndlisi Orucəliyə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Yasab-oba kəndində baş verib. Urfan kənd yolunda həmkəndlisi Orucəliyə yumruqla vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Urfanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Urfan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verən günü kənddə olan toya gedib:

“Həmin gün saat 21 radələrində toydan evə qayıdanda yolda Orucəli ilə rastlaşdım. Aramızda mübahisə yarandı. Mübahisə vaxtı yumruqla Orucəlinin gözündən bir dəfə vurdum. Sonra isə evə getdim. Daha sonra Orucəli məndən polisə şikayət etdi”. 

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Urfanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
 

Demokrat.az

13:39 - 8 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin