Azərbaycanda siqaretin qiyməti bahalaşıb.
Bəzi siqaretlərin qiymətində 10, bəzilərində isə 20 qəpik bahalaşma müşahidə olunur.
Asayis.Az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov açıqlamasında bahalaşmanı inflyasiya ilə əlaqələndirib.
“Azərbaycanda inflyasiya 528 məhsul və xidmətin qiymətindəki dəyişiklik əsasında hesablanır. Siqaretin qiymətindəki artımın da səbəbi inflyasiyadır. Əksər məhsulların qiyməti həftəlik 1-2 qəpik artdığı üçün hiss olunmur, siqaret bir neçə aydan bir 10-20 qəpik bahalaşır. Bu da alıcılar tərəfindən nəzərə çarpır”.
Ekspert bildirib ki, siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasiyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur.
“Bu il də belə olacaq. Statistikaya nəzər salsaq görərik ki, 2022-ci ildə Azərbaycan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edib. Tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərclənib. Ümumilikdə ötən il ərzində ölkəyə təxminən 16 milyon dollardan çox dəyərdə tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub”.
E.Əmirov əlavə edib ki, siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayını azaldır. Onun sözlərinə görə, bunu Dövlət Statistika Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatının hesabatları da təsdiqləyir.
Demokrat.az