"Füzuli şəhərinə qayıdışa start verilir".
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma 144 ailə ( 509 nəfər) mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
"Bu ay həmin vətəndaşlarımızın Füzuli şəhərinə qayıdacağı gözlənilir. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.
Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq.
Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.
Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək", - deyə deputat bildirib.