"Bu gün hamı başa düşməlidir ki, daha Bakıda yoxsulun, kasıbın evi olmayacaq".
Asayis.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Ekspert bildirib ki, əhalinin böyük əksəriyyəti ömürünü kirayədə keçirəcək:
"Bu həqiqəti demək mənim üçün çətindir, amma deməliyəm. Çünki mənim də ömrüm kirayədə keçib, onun nə olduğunu blirəm. Kəndlərdə ola bilər ki, kasıbın evi olsun. Çünki torpaq var, yavaş-yavaş da olsa, özünə ev tikə bilərlər. Bakıda isə vəziyyət qəlizdir. İpoteka krediti ayrılsa belə, sual yaranır - kimə üstünlük veriləcək? Əlbəttə ki, gəliri daha çox olan insanlara. Kasıblara heç nə çatmayacaq. Bunu anlayın. SSRİ dövründə pula deyil, işə baxırdılar. Demirəm ki, həmişə obyektiv baxırdılar, amma bir qayda olaraq baxırdılar. İndi kimin pulu var, ipotekanı da ona verirlər. Özü də bu sahədə korrupsiya tuğyan edir".
Ekspert güzəştli layihələrdə belə korrupsiya olduğunu vurğulayıb:
"Orada da min cür oyunlardan çıxırlar. Çünki qeyri-şəffafdır. Amma şəffaflıq olsa belə, yenə də kimin gəliri çoxdursa, ona da mənzil almağa kredit veriləcək".
Əkrəm Həsənov hesab edir ki, Azərbaycan vətəndaşı qarşısına sual qoymalıdır:
"İstəyirəm evim olsun, amma bu gedişlə evə sahib ola bilməyəcəm. Odur ki, getsin kənddə yaşasın. Gəlin, özümüzü aldatmayaq, 1991-ci ildə müstəqillik əldə etmişik, həmçinin bazar iqtisadiyyatına keçmişik. Bazar iqtisadiyyatında da imkansızların öz evi olmur. İnkişaf edən ölkələrə baxaq, orada da daşınmaz əmlakların çoxu varlılarındır. Hətta bəzilərinin bir neçə evi var. Bazar iqtisadiyyatıdır, hər kəs başa düşsün ki, bu zəmanədə hamının evi olmayacaq”.
Ekspert təəssüf hissi ilə əlavə edib ki, dövlət bunun üçün heç nə edə bilməz:
"Nə etsin? Hamını evlə təmin edə bilməz. SSRİ fərq qoyulmurdu, demək olar ki, varlı insanlar da çox deyildi. Kimin avtomobili, arvadının biraz qızılı olurdusa, ona varlı deyirdilər. Hər kəsin bir evi var idi, vəssalam. Fəhlə bir neçə il işləyəndə ona dövlət ev verirdi, mənzillərə növbə var idi. Bu dövlət siyasəti idi. SSRİ fəhlə-kəndli dövləti olub. Filmlərə baxanda bunu aydın görmək olar. İndiki filmlərdə isə biznesmen, müğənni zamanın qəhrəmanıdır. Hər sistemin öz müsbət və mənfi cəhətləri var. Biz bu yolu seçdik. Ona görə kasıb, yoxsul başına çarə qılsın”.