Xaçmaz rayonunda 1997-ci il təvəllüdlü Aslan ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Əsmərə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 1-də Xaçmaz rayonunun kəndlərindən birində baş verib.
Aslan yaşadığı evin yataq otağında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı kəmərlə arvadı Əsmərin sağ baldır və hər iki əlin ovuc nahiyəsindən bir neçə dəfə vurub.
Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Əsmər ilə 2018-ci ildən evlidir və onun bu evlilikdən iki övladı var: “Əsmər ilə münasibətlərimiz normal olub. Lakin təxminən 2023-cü ilin aprel ayından bu münasibətlər pisləşdi. Son vaxtlar işim ilə bağlı evə gec gəlirəm. Əsmər səbəbsiz yerə qısqanclıq zəminində mənimlə mübahisə edir. Buna görə də aramızda mübahisələr baş verir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, belə mübahisələrdən biri mayın 1-də baş verib: “Həmin tarixdə, saat 16.15-də işdən evə gəldim. Bir az dincəldikdən sonra saat 18.30-da evdən çıxmaq istəyən zaman paltarlarımın hazır olub-olmadığını Əsmərdən soruşdum. Əsmər isə paltarlarımın hazır olmadığını dedi. Buna görə də Əsmərə irad bildirdim. Əsmər isə paltarlarımı başqalarının hazırlamalı olduğunu dedi. Əsmərin bu sözünə əsəbiləşdim və evin yataq otağında onu döydüm. Əsməri itələyərək yerə yıxdım. Daha sonra isə belimdən çıxardığım kəmərlə onun baldır nahiyələrinə bir neçə dəfə zərbə endirdim”.
Təqsirləndirilən şəxs deyib ki, həmçinin Əsmər əli ilə kəməri tutmaq istəyən zaman sonuncu ovuc nahiyələrindən xəsarət alıb: “Bundan sonra anam araya girdi və məni uzaqlaşdırdı. Mən isə həmin vaxtdan etibarən Əsməri danışdırmamşam. Nəticədə isə Əsmər mənim atamdan xahiş etdi ki, onu Quba rayonunda yaşayan dayısının evinə aparsın. Atam da onu dayısının evinə apardı”.
İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, Aslan ilə münasibətləri əvəllər normal olsa da, 2021-ci ilin ilk aylarından bu münasibətlər pisləşib: “Həmin vaxtdan etibarən Aslan ailəsinə qarşı biganə qaldı və evə gec gəlməyə başladı. Buna görə də aramızda son vaxtlar tez-tez mübahisələr baş verdi. Bu mübahisələrdən biri də mayın 1-də baş verdi. Həmin gün, saat 16.15-də Aslan işdən evə gələrək bir müddət dincəldikdən sonra saat 18.30-da evdən getmək istədi. Bu zaman Aslan məndən paltarlarının hazır olub-olmadığını soruşdu. Mən isə Aslana paltarlarının hazır olmadığını, paltarlarını başqalarının hazırlamalı olduğunu bildirdim. Mənim bu sözümə Aslan əsəbiləşdi, mübahisə etməyə başladı. Mübahisə zamanı evin yataq otağında Aslan məni döydü. Aslan ilk öncə itələyərək məni yerə yıxdı. Daha sonra isə belindən çıxardığı kəmərlə baldır nahiyələrimə bir neçə dəfə vuraraq mənə xəsarət yetirdi. Həmin vaxt əlim ilə kəməri tutarkən ovuc nahiyələrimdən də xəsarət aldım. Həmin vaxt evdə olan qayınanam araya girdi və məni ondan uzaqlaşdırdı”.
Zərərçəkmiş şəxs qeyd edib ki, mübahisədən sonra evdən getmək istəyib: “Lakin sonradan gələn qayınatam məni razı saldı və evdən getməyə qoymadı. Həmin gündən etibarən
Aslan məni danışdırmadı. Aslanın bu hərəkətlərinə dözə bilmədim və qayınatamdan xahiş etdim ki, məni dayımın evinə aparsın. Qayınatam da məni dayımın evinə apardı. Həmin vaxtdan etibarən dayımın evində qalmışam. Aslanın mənə qarşı etdiyi bu hərəkətləri dayıma danışdım. Dayım da Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdi”.
Bu cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Aslanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Demokrat.az